Xəbər lenti

İlk insanların odla sınağı - Əsl tarixi üzə çıxdı
Dünya 15:55 13.06.2026

İlk insanların odla sınağı - Əsl tarixi üzə çıxdı

Cənubi Afrikada aparılan yeni arxeoloji tədqiqat insanlığın odla əlaqəsinin təxminən 1,8 milyon il əvvələ qədər uzandığını ortaya qoyub. Mağaranın tam qaranlıq hissələrində aşkarlanan istilik izləri tarixdən əvvəlki dövr haqqında mövcud nəzəriyyələrin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.

Qaynarinfo xəvbər verir ki, təbiət hadisələri qarşısında tamamilə aciz olduqları düşünülən ilk insanlar, görünür, zənn ediləndən daha erkən dövrlərdə böyük risklər götürə biliblər. Təxminən 1,8 milyon il əvvəl yaşamış "Homo erectus" nümayəndələrinin, hələ özləri od qalamağı bilməsələr də, təbii yanğınlardan yaranan közləri məqsədli şəkildə istifadə etdikləri müəyyən edilib.

Cənubi Afrikadakı Vonderverk mağarasında aparılan araşdırmanın nəticələri "PLOS One" elmi jurnalında dərc olunub. Alimlər hesab edirlər ki, bu tapıntılar tarixdən əvvəlki insan həyatına dair təsəvvürlərimizi dəyişə bilər.

Əvvəllər arxeoloqlar tərəfindən insan nəzarətində istifadə olunan ən qədim od izlərinin İsraildəki "Gesher Benot Ya’aqov" bölgəsində aşkar edildiyi və təxminən 800 min il əvvələ aid olduğu qəbul edilirdi. Keniya və digər bölgələrdə daha qədim dövrlərə işarə edən bəzi tapıntılar əldə edilsə də, onların insan fəaliyyəti ilə əlaqəsi tam sübut olunmamışdı.

Lakin Vonderverk mağarasında aparılan son tədqiqatlar göstərir ki, qədim insanlar çöl yanğınlarından əldə etdikləri közləri yaşayış yerlərinə daşıyıblar.

Tədqiqatçılar mağaranın ən qədim təbəqələrindən çıxarılan kiçik məməli heyvan sümüklərini müasir laboratoriya üsulları ilə araşdırıblar. İnfraqırmızı spektroskopiya metodu vasitəsilə aparılan analizlər göstərib ki, bu sümüklər bir milyon ildən də artıq əvvəl yüksək temperaturun təsirinə məruz qalıb.

Diqqətçəkən məqamlardan biri odur ki, yanıq izləri daşıyan sümüklər "Homo erectus" tərəfindən istifadə edildiyi hesab olunan Aşel mədəniyyətinə aid daş alətlərlə eyni təbəqədə aşkarlanıb.

Alimlərin fikrincə, ən mühüm detal bu qalıqların tapıldığı yerdir. Yanmış sümüklər mağaranın girişindən təxminən 30 metr içəridə, külək və digər təbii amillərin təsir göstərə bilməyəcəyi qaranlıq sahədə aşkar edilib.

Bu fakt istilik izlərinin çöldən gələn kül və ya təbii proseslərin nəticəsi olmadığını, əksinə, insanların közləri mağaranın daxilinə gətirdiyini göstərir.

Qranada Universitetinin professoru Xuan Manuel Ximenes Arenas bildirib ki, bu nəticələr əlavə araşdırmalarla tam təsdiqlənərsə, insanlıq tarixinin erkən mərhələləri haqqında mövcud elmi təsəvvürlər əhəmiyyətli dərəcədə dəyişə bilər.

Aydın
--> -->