Xəbər lenti

İqbal Ağazadə İTV rəsmisinə "məddah" dedi - QALMAQAL
Siyasət11:48 25.04.2014

İqbal Ağazadə İTV rəsmisinə "məddah" dedi - QALMAQAL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Görəvini yerinə yetirə bilmirsənsə, məddahlıqla məşğul olma”. 

İTV-nin rəsmi saytının rəhbəri Firudin Məmmədovun Aktual.az-a müsahibəsində səsləndirdiyi fikirlərə ölkənin müxalifət partiyalarından kəskin reaksiya gəlib.

Qeyd edək ki, Firudin Məmmədov İTV-nin rəsmi saytında müxalifətə aid məlumatların verilməməsinin səbəbi kimi Azərbaycanda normal müxalifətin olmadığını göstərmişdi: “İndi YAP-dan kənarda bütün partiyalar ki, var, bu partiyaların hamısında bir-biri ilə çəkişmə, didişmə hökm sürür. Onu da bildirim ki, onların yaxşı materialları olsa, verərik, amma onlarda elə bir şey yoxdur axı..."

Müsavat başqanının müavini Mehman Cavadoğlunun sözlərinə görə, bunlar tamamilə yalan və əsassız fikirlərdir: “Müxalifət barədə informasiya vermək İTV-nin borcudur. İTV isə üzərinə düşən öhdəlikləri yerinə yetirmir və hakimiyyətin ruporu rolunda çıxış edir. Ona görə də özlərinə bəraət qazandırmaq üçün belə absurd fikirlər səsləndirirlər”. 

AXCP sədrinin müavini Razi Nurullayev hesab edir ki, yeni rəhbərlik gələndən İctimai Televiziya ölkədə baş verən ictimai-siyasi proseslərə arxa çevirib və sanki mədəniyyət kanalının surəti kimi fəaliyyət göstərir: 

“Ümumiyyətlə, İTV üzərinə düşən öhdəlikləri yerinə yetirmir. İTV ölkədə baş verən ictimai-siyasi proseslərə qiymət vermək üçün yaradılmayıb. Müxalifətin gücsüz olub-olmamasını da analiz etmək qüsurludur. İctimai Televiziya ölkədə baş verən ictimai-siyasi hadisələri işıqlandırmalıdır. Amma müxalifət partiyaları haqqında YAP funksioneri kimi danışmaq İTV-nin rəhbər orqanında təmsil olunan şəxs üçün başucalığı gətirə bilməz”.

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov isə Firudin Məmmədovu ciddi fiqur hesab etmədiyini bildirərək, onun dediklərinə ətraflı münasibət bildirmədi: “O kimdir ki, mən onun dediklərinə reaksiya bildirim?! Boş və mənasız söhbətlər edir özü üçün. O, müxalifət partiyalarının fəaliyyətinə qiymət vermək səlahiyyətlərinə malik deyil”.

İTV rəsmisinin dediklərinə Ümid Partiyasının sədri İqbal Ağazadənin cavabı daha sərt oldu: "Sən kim olursan ki, müxalifətin perespektivinin ölçü meyarı və yaxud da müxalifətin işinin faydalı olub-olmadığını müəyyənləşdirirsən. Görəvini yerinə yetir. Görəvini yerinə yetirə bilmirsənsə, məddahlıqla məşğul olma”. 

Qaynar.info