Siyasət 12:51 24.09.2022

İranda etirazlar səngiyəcək - Politoloq

İranda Məhsa Əmininin "Əxlaqi Təhlükəsizlik Polisi” tərəfindən öldürülməsi fonunda bu ölkədə başlanan etiraz aksiyaları daha geniş əraziləri əhatə etməkdədir. Artıq etiraz aksiyalarının keçirildiyi şəhərlərin sayı 83-ə çatıb. Aksiya nəticəsində ölənlər də var. Bildirildiyinə görə, aksiyalarda 17 nəfər ölüb, 95 nəfər yaralanıb. Ölənlər arasında polis əməkdaşları da var. Aksiyalarda 61 təcili tibbi yardım və 25 yanğınsöndürən maşın yandırılıb. 

İranda baş qaldıran narazılıq nə ilə sonuclanacaq?
 
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən ekspert Kənan Rövşənoğlu yaxın günlərdə etirazların zəifləyəcəyini düşünür:"İrandakı aksiyalar kulminasiya nöqtəsinə çatıb. Düşünürəm ki, qarşıdakı günlərdə zəifləyəcək. Bu, İranda vaxtaşırı, ildə bir və ya iki dəfə baş verən etirazlardır. Son illərdə təxminən eyni formada aksiyalar baş verir. Əvvəlcə, sosial və ya məişət mövzusunda hadisə kütləvi etirazlara səbəb olur, ardınca aksiyada siyasi şüarlar səsləndirilir, ciddi qarşıdurmalar baş verir. Daha sonra isə hakimiyyət qüvvələri və dəstəkçiləri meydanlara çıxır. Aksiyalar səngiyir. Dünən cümə günü İranın bir çox şəhərlərində hakimiyyət tərəfdarları kütləvi aksiyalar keçirdi.Üstəlik, dövlət orqanları aksiyaların kənardan idarə olunan, təxribat və qarşıdurma yaratmağa hesablanmış provokasiya olduğu ilə bağlı kütləvi media kampaniyasına başlayıb. Gümən edirəm ki, sonrakı günlərdə etirazlar tədricən zəifləyəcək. Birincisi, hakimiyyət hələ güclüdür, ikincisi etiraz edən qruplar mütəşəkkil bir cərəyan və ya siyasi qrup deyil. Ancaq sosial iqtisadi vəziyyətin pis olması səbəbindən bu cür spontan aksiyalar sürətlə böyüyür. Lakin xaricdəki və daxildəki siyasi qüvvələr bu aksiyaları dövlətə qarşı mütəşəkkil üsyana çevirə bilmir”. 
Rüfət Sultan