Siyasət 10:55 08.11.2022

İranın "Bakıdan Tehrana uçan terrorçu" ssenarisinin hədəfi

İran Şahçıraq terrorunda Azərbaycanın adını dövriyyəyə buraxıb. Terror əməliyyatının "baş koordinator”unun Azərbaycan vətəndaşı olması və Bakı hava limanından İmam Xomeyni aeroportuna uçduğu iddiasında Tehranın hədəfi də aydın görünür: bu, 44 günlük müharibədə ortaya atılan "terrorçu” iddialarının davamı və iddianın praktiki mərhələyə köçürülməsidir;

Bundan öncə Araz bölgəsindən keçən "terrorçuları” saxladılar, indi də Bakıdan uçan terrorunun zəvvarları güllələdiyi iddiasını ortaya atıblar.

Şahçıraq terroru baş verəndə yazmışdıq: etirazların geniş vüsət aldığı vaxt terrorçuların niyə məhz zəvvarları hədəf seçdiyi şübhəlidir və istisna deyil ki, terrorun arxasında məqsədinə nail olmaq istəyən rejimin özü dayanır; bununla etirazların baş verdiyi vaxt "xarici təhlükə”ni gücləndirir, "təhlükəsizliyi qorumaq” üçün aksiyalara qarşı silah gücünün tətbiqini legitmləşdirir, zəvvarların hədəf seçilməsi ilə mollaların dayaqlarını möhkəmləndirir;

Arazdan "terrorçuların” keçməsi və Şahçıraq aktında "baş terrorçu”nun Bakıdan uçması iddiaları Azərbaycanı "regionda terror ixrac edən” ölkə kimi göstərməyə hesablanıb. Və İran rejimi həm də bununla:

Ölkə daxilində Azərbaycanın düşmən obrazını yaradır: bu, güneydə milli hərəkatın genişlənməsinə qarşı da düşünülmüş ssenaridir;
- "Terrora qarşı mübarizə” adı altında Azərbaycana qarşı mümkün müdaxilə ssenarilərinə əsaslar formalaşdırır;

Lakin bu terror iddiaları "əsaslar” yaratmağa bəs etmir, bu baxımdan, davamlı olacağı istisna deyil. Ssenariləri, qurmaq istədikləri oyunlar çox açıqdır.

Asif Nərimanlı