İranlı polkovnik paytaxt Tehranda avtomobilində hərəkət edərkən naməlum şəxslər tərəfindən güllələnib.
Qaynarinfo bu barədə ILNA agentliyinə istinadən
xəbər verir.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) generalın güllələnməsi və ölümünü təsdiq edib. SEPAH-ın yayımladığı bəyanatda bildirib ki, inqilabi qvardiya polkovniki Səyyad Xudayi "xarici düşmənlərə bağlı olan dəstə" tərəfindən terrora məruz qalıb.
Rəsmi Tehran yüksəkrütbəli zabitin Suriyada döyüşdüyünü təsdiq edib.
Bundan əvvəl dəfələrlə İsrail Suriyada yerləşən İran qüvvələri və mövqelərini hədəfə alıb. Həmçinin rəsmi Tehran İsrailin son illərdə İranın daxilində gizli əməliyyatlar keçirərək, bir neçə nüvə alimini də öldürdüyünü iddia edib.
Rəsmi Təl Əviv polkovnik Xudayinin öldürülməsi ilə bağlı hələlik heç bir açıqlama verməyib. İsrail mediası isə öldürülən polkovnikin İsrail vətəndaşlarına qarşı terror aktı hazırladığını iddia edib.
Ötən aylarda Türkiyə, Kipr və başqa bir neçə ölkədə İsrail vətəndaşlarına qarşı terror aktı planlaşdıran şəxslər saxlanılıb.
İsrailin "Kanal 13" telekanalı polkovnik Xudayini İsrail vətəndaşlarına qarşı terror planlarının arxasında dayanan şəxs kimi təqdim edib.
M.Arif
Şərhlər