Xəbər lenti

İRNA-nın Azərbaycanda büro açması münasibətlərdə nəyi dəyişəcək? (ŞƏRH)
Siyasət07:51 22.07.2023

İRNA-nın Azərbaycanda büro açması münasibətlərdə nəyi dəyişəcək? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İranın dövlət informasiya agentliyi İRNA yaxın günlərdə Azərbaycanda öz bürosunu açacaq”. Bu barədə Şuşa Qlobal Media Forumunda məlumat verilib. 
Agentliyin Azərbaycanda nümayəndəlik açmasına münasibət bildirən Prezident İlham Əliyev bildirib ki, "İRNA Azərbaycan” iki ölkə arasında münasibətlərin güclənməsinə müsbət təsir göstərəcək.
Qeyd edək ki, İranla Azərbaycan arasında münasibətlərdə Tehranın haqsızlığı üzündən yaranan gərginlik hələ də tam olaraq aradan qaldırılmayıb. Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı məsələ də deyilənlərin əksinə olaraq, hələlik konkret həllini tapmayıb. Belə bir vəziyyətdə İRNA agentliyinin Azərbaycanda öz bürosunu açması iki ölkə arasında münasibətlərin normallaşmasına hansı töhfəni verə bilər? 
Milli Məclisin deputatı Aydın Mirzəzadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, İRNA-nın ölkəmizdəki fəaliyyətinin Azərbaycan barəsində obyektiv informasiyanın İranda yayılmasına mühüm töhfə verəcəyinə ümid edir:
"İRNA İranın dövlət informasiya agentliyidir. Azərbaycan 32 ildir müstəqildir. Qonşu ölkədə gedən prosesləri obyektiv, olduğu kimi öz cəmiyyətinə çatdırmaq vacib məsələlərdən biridir. Büronun açılması ilə iranlı jurnalistlər Azərbaycanda gedən prosesləri görəcək, qanunla icazə verilən istənilən informasiyanı ala biləcəklər. Görəcəklər ki, Azərbaycan İranla normal qonşuluq münasibətlərində olmaq istəyən bir ölkədir. Azərbaycan xalqı İran cəmiyyətinə hörmətlə yanaşan bir xalqdır. Eynisini də İrandan gözləyirik. 
İranı Ermənistanın yanında deyil, öz yanımızda görmək istəyirik. İranı Azərbaycanın problemlərinin həllində öz dəstəyini göstərən ölkə kimi görmək istəyirik. Amma bunun əvəzində təəssüf ki, İranın müxtəlif dairələrinin anti-Azərbaycan bəyanat və hədələrini eşidirik. Bu ilin fevralında Tehrandakı səfirliyimizə edilən hücum isə nəinki qonşuluğa, heç beynəlxalq hüquqa sığmayan ağlasığmaz hərəkət idi. Bura İran tərəfinin reaksiyasını da olduğu kimi görmədik. Ümid edirik ki, İRNA-nın ölkəmizdəki fəaliyyəti Azərbaycan barəsində obyektiv informasiyanın İranda yayılmasına mühüm töhfə verəcək”. 
Rüfət Sultan