Siyasət 14:03 30.12.2022

İsrailə səfir təyin olunması İranla münasibətlərə necə təsir edəcək?

"İsraillə ərəb ölkələri arasında hansısa əlaqələrin qurulmasında vasitəçi qismində Bakının rolu güclənəcək”. 

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov elm və təhsil nazirinin müavini Muxtar Məmmədovun Azərbaycanın İsraildəki səfiri təyin edilməsi fonunda nələrin dəyişəcəyi, İranın məsələyə reaksiyasına münasibət bildirərkən deyib. Keçmiş nazir bildirib ki, İran bu məsələyə heç bir etiraz bildirə bilməz:

"Hesab edirəm ki, bu mövzu ilə bağlı əsas məqam ilk növbədə Azərbaycanın maraqları məsələsidir. Azərbaycan harda səfirlik açıb-açmamağı müstəqil şəkildə özü həll edir. Bu məsələyə kənardan heç kim müdaxilə edə, reaksiya göstərə bilməz. Bu mənada İsrailə səfir təyin etməyimizə kimlərin hansı münasibətinin olması ikinci və üçüncü dərəcəli məsələdir. Ona görə də İran məsələyə hər hansı bir reaksiya bildirsə, ona çox da fikir verməməliyik”. 



Tofiq Zülfüqarov deyir ki, Təl-Əvivə səfirin təyin olunması İsraillə Azərbaycan arasında əməkdaşlığın sürətlənməsinə xidmət edəcək: 

"Təl-Əvivdə səfirliyimizin açılması və ora səfirin təyin edilməsi əlaqələrin inkişafı daha da sürətlənəcək. Eyni zamanda, İsrailin öz qonşuları ilə  münasibətinə nəzərə yetirdikdə, Azərbaycanın burada müsbət bağlayıcı element rolunda çıxış edə biləcəyini də istisna etmək olmaz. Bakının ərəb ölkələrilə münasibətləri də hərtərəflidir. Bu münasibətlərin inkişafı istiqamətində də böyük imkanlar var. İsraillə ərəb ölkələri arasında hansısa əlaqələrin qurulmasında vasitəçi ölkə olaraq Azərbaycanın rolunun daha da güclənəcəyini də istisna etmək olmaz”. 

Rüfət Sultan