Xəbər lenti

İTV missiyasını yerinə yetirə bilib? - Qulu Məhərrəmli yazır
Siyasət13:19 29.08.2015

İTV missiyasını yerinə yetirə bilib? - Qulu Məhərrəmli yazır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İTV-nin müntəzəm yayıma başlamasının 10 ili tamam olur. Bu telekanal efir məkanımıza, cəmiyyətə və demokratiyanın inkişafına nə verib, tamaşaçılar bu televiziyanın mövcudluğundan nə qazanıblar? İctimai televiziyanın hansı uğurları və qüsurları var? Adətən, yubiley günlərində hamı bu sayaq suallara cavab axtarır...

Əlbəttə, özəl TV-lərin çoxaldığı və efirdə kəskin rəqabət mühitinin yarandığı bir şəraitdə Azərbaycanda İctimai teleradio adında qurumun fəaliyyət göstərməsi müsbət hadisədir. Demokratik inkişaf yolu seçdiyini bəyan etmiş bir cəmiyyət üçün ictimai yayımın olması hava və su təki lazımdır. Bizim kimi cəmiyyətlərdə ictimai yayım ona görə vacib sayılır ki, demokratik dəyərləri yaysın, söz və fikir azadlığını, plüralizmi - fikir müxtəlifliyini, tolerantlığı, əks fikrə dözümlüyü, fərqli düşüncəni, diskussiya mədəniyyətini inkişaf etdirsin. İctimai yayım bu tələblərə cavab verirmi, cəmiyyəti inkişaf etdirmək missiyasını yerinə yetirə bilirmi? 

Bu suallara cavab verməzdən əvvəl, onu deyim ki, on illik yubileyini qeyd edən ictimai TV-nin başqa kanallarla müqayisədə, hər halda bəzi üstünlükləri var və bunları deməmək insafsızlıq olardı. Qısa müddətdə formalaşmış bu telekanalda müəyyən peşəkarlıq tərzi, sakit intonasiya, təqdimatlarda fərqlilik, aparıcıların əksəriyyətində bəlli bir səviyyə, ciddilik, davranışlarda ölçülərin gözlənilməsi, əxlaqi çərçivənin olması faktdır. Zəif də olsa ekranda yaradıcılıq axtarışları, auditoriyaya hörmət, tarixə sağlam baxış cəhdi hiss olunur. Kanal rəhbərliyi maarifçiliyi, milli mədəniyyət problemlərini, mənəvi dəyərləri diqqət mərkəzində saxlamağa çalışır. 

Təəssüf ki, göstərilən bu müsbət cəhətlər, məhz əvvəldə dediyimiz xüsusi məqsədlər naminə yaradılmış ictimai yayımın səmərəliliyi üçün yetərli deyildir.Bu günlərdə İTV-yə tamaşaçı sevgisi haqqında danışılmasına pis baxmıram, yubiley yazılarındakı təriflərlə də işim yoxdur, amma bu kanalın fəaliyyətini qiymətləndirmək üçün onun fəlsəfəsinə uyğun fərqli meyarlarlardan çıxış etməyin vacibliyini mütləq deməliyəm. Məhz həmin meyarlar prizmasından və ictimai yayım haqqında qanunun müddəaları baxımından yanaşdıqda İTV-nin axsaması göz qabağındadır. 

Ən ciddi məqam telekanalın ənənəvi nöqsanlarının dərinləşməsi ictimi yayım missiyasının sönükləşməsidir, bu səbəbdən Azərbaycan cəmiyyəti bütövlükdə ekranda öz rəngləri ilə əks etdirilmir. Verilişlərdə toplumu maraqlandıran aktual mövzular, çox vaxt diqqətdən kənarda qalır, ictimai maraqlar önə çəkilmir, təbliğat materiallarının xüsusi çəkisi yenə də çoxdur. Tənqid, qeybə çəkilib, xəbər süjetlərində və diskussiya proqramlarında balans bir qayda olaraq pozulur, efiri “ekspert” qismində eyni adamlar zəbt edir, müzakirə adı ilə təqdim olunan proqramlarda “informasiya çirkləndirməsi” dərinləşir, ekrandan alternativ fikir, demək olar ki, səslənmir. Maarifləndirici proqramların, uşaqlar və yeniyetmələr üçün verilişlərin sayca azaldılması təəssüf doğurur. Əlbəttə, mən bəzi məhdudiyyətlərin mövcud şəraitlə, cəmiyyətin özündən gələn çətinliklərlə bağlı olduğunu anlayıram. Bununla yanaşı, qanunla ictimai yayıma verilən tələblərin bir qisminin yerinə yetirilməsinin mümkünlüyünə də inanıram. Bu baxımdan ictimai radionun fəaliyyətini, onun efirində gedən yaradıcı prosesləri, xüsusən mənəvi dəyərlərə münasibəti, tematik rəngarəngliyi, aparıcı işini yüksək qiymətləndirmək olar. İndiki şəraitdə bu, bizim ən səviyyəli radiomuzdur.

İTV-nin 10 illik fəaliyyətinin böyük bir hissəsi fəaliyyətini daim tənqid etdiyimiz keçmiş sədr İsmayil Ömərovun rəhbərliyi ilə bağlı olub. Ədalət naminə deməliyəm ki, onun dövründə kanal, bir çox nöqsanları ilə yanaşı, daha dinamik, yeniliyə meyilli, fəal axtarışlı, daha məzmunlu və rəngarəng idi. Ondan sonra bir sıra proqramların bağlanması, eləcə də Leyla Quliyeva, Yusif Günaydınn, Hüsniyyə Məhərrəmova kimi parlaq aparıcıların getməsi, fikrimcə, telekanalı müəyyən qədər solğunlaşdırıb. AzTV-dən əsən küləklərin də bu kanala mənfi təsiri də getdikcə aşkar hiss olunur.

Sonda yubiley münasibətilə İTV-nin ictimai yayım missiyasına xidmət edən vicdanlı əməkdaşlarını, peşəkarları və ləyaqət sahibi olanları, bu kanalın formalaşması üçün əziyyəti çəkmiş hər kəsi ürəkdən təbrik edirəm!!!

Qulu Məhərrəmli

Qaynar.info