Yay aylarında insanların ən çox istehlak etdiyi məhsullardan biri də dondurmadır. Xüsusilə, isti havalarda insanların sərinləmək üçün ilk seçimi bu qida olur. Lakin dondurma seçərkən yalnız dadına deyil, tərkibinə, saxlanma şəraitinə və gigiyenik qaydalara da xüsusi diqqət yetirilməlidir.
"Refresh Group” MMC-nin Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən Baş İcraçı direktoru Seymur Qafarov "Kaspi” qəzetinə açıqlamasında yay aylarında dondurma istehlakı zamanı sağlamlıq baxımından diqqət olunmalı məqamlara toxunub. Mütəxəssis vurğulayıb ki, dondurma alarkən onun "soyuq zəncir” şəraitində saxlanılıb-saxlanılmadığına xüsusi diqqət yetirilməlidir: "Dondurma heç vaxt əriməməli və sonradan yenidən dondurulmamalıdır. Bu hal məhsulun keyfiyyətini və təhlükəsizliyini ciddi şəkildə poza bilər. Eyni zamanda, məhsulun üzərindəki etiketlər tam, aydın və oxunaqlı olmalı, tərkibi, istehsal və son istifadə tarixi, saxlanma şəraiti kimi məlumatlar diqqətlə yoxlanılmalıdır. Gigiyenik olmayan şəraitdə satılan dondurmalardan mütləq uzaq durmaq lazımdır”.
Mütəxəssis vurğulayır ki, dondurmanın tərkibindəki trans yağlara və "E” kodlara (Qida məhsullarında istifadə olunan qida əlavələrini təyin etmək üçün Avropa Birliyi tərəfindən verilən bir koddur. Bu kodlar hər bir qida əlavəsinin təhlükəsizliyinin təsdiqləndiyini bildirir) qarşı diqqətli olunmalıdır: "Həmçinin körpələr üçün süni qatqılar, stabilizatorlardan istifadə olunaraq ərsəyə gələn məhsullardan uzaq durulmasında fayda vardır. Bu cür məhsulların daxilində yüksək şəkərin olması sağlamlıq üçün risklidir. Bir digər risk faktoru isə məhsulun düzgün temperaturda saxlanmamasıdır. Dondurma mütləq -18°C temperaturdan aşağı şəraitdə saxlanılmalıdır. Əks halda, məhsulun tərkibi pozula, mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yarana bilər ki, bu da sağlamlıq üçün təhlükəlidir”.
Qida mütəxəssisi bildirir ki, tərkibində trans yağlar olan dondurmalar təhlükə mənbəyidir: "Trans yağlar və süni qatqılar ürək-damar xəstəlikləri riskini artırır, immun sisteminə mənfi təsir edir, allergik reaksiyalara səbəb ola və uzunmüddətli istifadədə müxtəlif xroniki xəstəliklərə zəmin yarada bilər. Bu maddələr uşaqların sağlam inkişafına da mənfi təsir göstərə bilər. Əsl dondurma əsasən təbii komponentlərdən - süd, qaymaq, şəkər kimi maddələrdən hazırlanır. "Dondurulmuş desert” isə bu əsas inqrediyentlərlə yanaşı, bir sıra digər qatqı maddələrini özündə ehtiva edir”.
Uşaqlar üçün hansı növ dondurmaların uyğun olduğu barədə danışan həmsöhbətimiz qeyd edir ki, meyvə püresi, süd və qatıq əsaslı dondurmalar daha münasib seçimdir: "Az şəkərli, qatqısız, süni rəngləndirici və aromatizatorsuz dondurmalar uşaqlar üçün daha təhlükəsizdir. Həmçinin bəzi uşaqlarda laktoza həssaslığı ola bilər. Bu hallarda laktozasız dondurmalar daha uyğun seçim sayılır”.
Adətən uşaqlıqda yediyimiz, küçə kənarlarında, səyyar maşınlarda satılan açıq dondurmaların mikrob daşıyıcısı olduğu düşünülürdü. Amma türk professor Ahmet Rasim Küçükusta mikroblarla bağlı iddialara əks-arqumentlə cavab verib. O qeyd edib ki, ən böyük mikrob mənbəyi dondurulmuş paketli məhsullardır. O, bəzi xarici ölkələrdə dondurulmuş fast-food tipli məhsulların geri çağırıldığını bildirib: "Emal olunmuş un, şəkər, trans yağlar və əlavə maddələrlə hazırlanan "mühəndislik məhsulu” paketlənmiş dondurmalar və digər qidalar xroniki xəstəliklərin əsas səbəblərindəndir”.
Diyetoloq Esra Kula da deyir ki, dondurmanın adı şirin olsa da, hər dondurma sağlam deyil: "Bəzi paketli dondurmaların tərkibində real süd və təbii şəkər olmadığı üçün həm sağlamlığa zərərlidir, həm də çəki artımına səbəb olur. Bu dondurmalardansa, evdə hazırlanan alternativ qidalar daha faydalıdır. Qatıq, yulaf və təbii meyvələrlə hazırlanmış ev dondurmaları daha sağlamdır. Hətta bu dondurmalar klassik dondurma dadına tam uyğun gəlməsə də, uşaqlara və kilo vermək istəyən böyüklərə soyuq və faydalı qəlyanaltı kimi təqdim edilə bilər”.
Bəzi mütəxəssislər isə hesab edirlər ki, isti havalarda dondurma yemək təhlükəlidir. Bioloq Aleksandr Sozykin bildirir ki, isti havada çox soyuq dondurma qəbul etmək ağız boşluğundakı selikli qişanın lokal soyumasına, yəni hipotermiyaya səbəb olur. Bu da immun hüceyrələrinin fəaliyyətini zəiflədir: "Normalda ağız boşluğunda olan mikroblar immun sistem tərəfindən nəzarətdə saxlanılır. Amma müdafiə zəiflədikdə bu mikroorqanizmlər sürətlə artır və müxtəlif infeksiyalara yol aça bilər. Nəticədə boğazda ağrı, şişkinlik və virus xəstəlikləri ortaya çıxır. Bu səbəbdən mütəxəssislər isti havalarda dondurmanı birdən-birə çox soyuq halda yeməməyi tövsiyə edirlər”.
Bioloqun sözlərinə görə, çox isti havada dondurma yeməyin başqa bir mənfi təsiri də sinir reseptorlarının qıcıqlanmasıdır: "Bədən yüksək temperaturda olanda ağız boşluğunun, xüsusilə damağın qəfil soyuması beyin damarlarında spazmaya səbəb ola bilər. Bu isə öz növbəsində qəfil və şiddətli baş ağrısı ilə nəticələnə bilər”.
Mənbə: "Kaspi" qəzeti
Şərhlər