Rusiya deyəsən Ukraynada başladığı müharibəyə digər MDB ölkələrindəki hərbi qüvvələrini də cəlb etməyi düşünür.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının verdiyi əməliyyat məlumatına görə, Moskva döyüş əməliyyatlarına qondarma Dnestyanı bölgəsinin hərbi qulluqçularını da cəlb edə bilər. Məlumatda bildirilir ki, işğalçılar Ukrayna ilə müharibəyə tanınmamış Pridnestroviya-Moldova respublikasının 800-ə qədər hərbçisinin cəlb oluna biləcəyini istisna etmirlər, lakin sözügedən şəxsi heyətin mənəvi-psixoloji durumu hələ də aşağı səviyyədədir.
Qeyd edək ki, Rusiya ordusunu Ukraynanın cənub qərbində müəyyən qədər irəliləyərək Odessaya yaxınlaşmaq ərəfəsindədir. Odessa isə Moldovanın hazırda separatçı rejiminin əlində olan Pridnestroviyaya çox yaxındır. Bu müstəvidə gözləniləndir ki, rus ordusu Odessaya doğru daha da yaxınlaşdıqca, şəhərin və ümumiyyətlə Ukraynanın cənub-qərb hissəsini tutmaq üçün Dnestryanı qondarma rejimin, hətta orada sülhməramlı qismində yerləşdirilən Rusiya qüvvələrinin də "yardımın”dan istifadə etsin. Bununla Rusiya ordusu Ukrayna ordusunun diqqətini yayındırmaq, qüvvələrini parçalamaq və bu məqamdan istifadə edərək müqaviməti daha asan şəkildə dağıtmaqla ölkənin içərilərinə doğru irəliləməyi düşünür. Onu da vurğulayaq ki, Dnestryanı bölgədə hazırda bəzi məlumatlara görə, 14 minə yaxın rus əsgəri var.
Bu fonda ehtimallar səslənir ki, Rusiya Ukrayna müharibəsində vəziyyətdən asılı olaraq MDB məkanının bəzi digər ölkələrində yerləşdirdiyi hərbi güclərindən də istifadə edə bilər. Hətta bu müstəvidə Moskvanın Qarabağda müvəqqəti yerləşdirdiyi və sayı (sənədlərə görə) 1960 nəfərdən ibarət sülhməramlılardan yararlana biləcəyi də iddia olunur.
Ancaq bu versiya o qədər də inandırıcı deyil. Məsələ ondadır ki, Azərbaycanın Qarabağ bölgəsi hazırda müharibə gedən Ukraynadan xeyli uzaqdadır. Dnestryanı bölgə isə yuxarıda da qeyd etdiyimiz kimi, müharibə gedən əraziyə, xüsusən də Odessaya çox yaxındır. İkincisi, buradakı rus qüvvələri başqa funksiyanı icra edir. Bununla belə, Moskvanın tələbilə Qarabağdakı qanunsuz erməni silahlı dəstələrin Ukraynaya göndərilə biləcəyi isə istisna deyil.
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan hərbi ekspert Üzeyir Cəfərov isə bu qənaətdədir ki, Ukraynada ilişən Rusiya məcburiyyət qarşısında qalıb öz işğalçı siyasətində Qarabağdakı rus sülhməramlılarından, hətta buradakı erməni tör-töküntülərindən də istifadə edə bilər. Həmsöhbətimizə görə, prosesin uzanması fonunda Moskvanın bu addıma gedəcəyi istisna deyil:
"Rusiya Müdafiə Nazirliyi Ukraynadakı əməliyyatlara cəlb olunmaları üçün Tacikistandakı, Qarabağdakı, Ermənistan və Dnestryanı bölgədəki komandanlığa da göstəriş verib. Bu fonda Qarabağdakı rus sülhməramlılarının müəyyən hissəsinin də həmin döyüşlərə cəlb olunması istisna deyil.
Putin tezliklə müharibəni dayandırmaq istəmir. Çünki nəticə yoxdur. Rusiya ordusu Ukraynada bataqlığa düşüb. Ukrayna əməliyyatında iştirak edən rus ordusunda əhval-ruhiyyə aşağı səviyyədədir, onlar arasında yorğunluq hiss olunur, döyüşmək istəmirlər. Məsələnin uzanması Moskvanı əlavə qüvvələri cəlb etməyə məcbur edəcək. Həmin əlavə qüvvələr rolunda isə Qarabağdakı rus sülhməramlıları, hətta buradakı erməni tör-töküntüləri də çıxış edə bilərlər”.
Rüfət Sultan