Siyasət 18:00 06.12.2022

Laçın dəhlizində gömrük postunun qurulması nəyi dəyişəcək?

"Mini gömrük postunun quraşdırılması heç nəyi dəyişməyəcək. Təxribatçılar və silahlar Qarabağa bu günə qədər gəldiyi kimi, bundan sonra da eynən davam edəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Qarabağdakı Rusiya sülhməramlıların başçısı Volkovun Laçın dəhlizinin girişinə mini gömrük postunun quraşdırılacağı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, Volkov yalan danışır:

"Laçın dəhlizinin girişinə mini gömrük postunun quraşdırılması sülhməramlıların fəaliyyətində bir yenilikdir. Ancaq bu addımla müsbət mənada Azərbaycanın marağına uyğun nəyinsə dəyişəcəyini düşünmək absurddur. Volkovun nə deməsindən asılı olmayaraq, o riyakarcasına yalan danışır. Yeni gömrükdə müəyyən cihazların quraşdırılması ilə məsələ ətrafında müsbət mənada nəyinsə dəyişəcəyini gözləmək özünü aldatmaqdır. Azərbaycanın təhlükəsizlik orqanlarının verdiyi açıqlamada hərbi texnikaların Ermənistandan Qarabağa keçdiyi barədə informasiya yer alıb. Bu texnikanı gözardı etmək mümkün deyil.
 


Rusiya hər zaman alan tərəfdir, özü də zorla. Rusiyanın anladığı yeganə dil var, onu da Ukraynada görürük. Bu gün orada məğlub olan Rusiyadır. Rus əsgərlərinin hərəkəti, davranışı dövlətimizə sayğısızlıq və təhqirdir. Ona görə də adını nə qoysalar da, mini gömrük postunun quraşdırılması heç nəyi dəyişməyəcək. Təxribatçılar və silahlar Qarabağa bu günə qədər gəldiyi kimi, bundan sonra da eynən gəlməkdə davam edəcək. Çünki bu əmrlər Kreml, Rusiya Müdafiə Nazirliyindən gəlir. Bu cür faktları görməzdən gəlmək özümüzü aldatmaqdır. Bu kimi "qarışqa yerişi”lə nəinki 5 il, heç 15 ilə də Xankədi ətrafında fırlana bilməyəcəyik”. 

Qeyd edək ki, Qarabağın müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində yerləşən kontingentin komandanı general Volkov Laçın dəhlizinin girişinə mini gömrük postu quraşdırılacağını bildirib. Amma bu heç də həmin dəhlizə Azərbaycanın nəzarət etməsi anlamına gəlmir. Postu sülhməramlılar qurur və onların nəzarəti altında olacaq. 

Rüfət Sultan