Siyasət 14:12 27.11.2023

Lalə Şövkət seçkilərdə iştirak edəcək (AÇIQLAMA)

"Parlament seçkiləri proporsional qaydada keçirilərsə, professor Lalə Şövkətin namizədliyi irəli sürüləcək, onun adı siyahıda birinci olacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib. Sədr bildirib ki, parlament seçkilərində Liberal Partiyasının fəaliyyəti bərpa olunacaq:

"Biz sadəcə partiyanın fəaliyyətinə fasilə vermişik. Biz mütləq seçkilərə qatılacağıq. Həm mənim, həm də Lalə xanımın parlament seçkilərində namizəd olması gözlənilir. Lalə xanımın adının siyahıda birinci olması nəzərdə tutulur. Ümid edirik ki, proporsional seçki sistemi bərpa olunacaq. Əgər, bu sistem bərpa olunarsa, o zaman Liberal Partiyasının siyahısında mən sonuncu, Lalə xanım isə birinci olacaq. Lalə xanıma Azərbaycan xalqının böyük ümidi və inamı var”. 

Əvəz Temirxan qeyd edib ki, Lalə Şövkətin ən böyük arzusu bütün partiyaları və onların sədrlərini, prezidentliyə namizədlərinin bir ideya ətrafında birləşməsinə nail olmaqdır:

"Biz yeni dövlətin qurulması uğrunda mübarizədə müttəfiq olmalıyıq. Dövlətimizin yenidən qurulması üçün bizim cəmiyyətin iqtidar və müxalifətin öz aralarında əlinin bir daşın altına qoymasına böyük ehtiyac var. Biz hamılıqla bunu etməliyik". 

Bahar Rüstəmli