Xəbər lenti

Lavrovla Putinin Bakı səfəri hansı məqsəd daşıyır? - ŞƏRH
Siyasət12:53 11.07.2016

Lavrovla Putinin Bakı səfəri hansı məqsəd daşıyır? - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya görüşləri intensivləşdirməklə, səfərlərin sayını çoxaltmaqla çalışır ki, hər iki tərəfi toqquşmalardan yayındırsın. İyul və avqust çox həssas aylardır. Adətən atəşkəs bu aylarda pozulur".
Bu sözləri "Qaynarinfo.Az"a açıqlamasında politoloq Elxan Şahinoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovun və daha sonra Rusiya prezidenti Vladimir Putinin Azərbaycana nəzərdə tutulan səfərlərinə münasibət bildirərkən deyib.
Elxan Şahinoğlunun sözlərinə görə, Lavrov Ermənistan səfərindən sonra Bakıya səfəri də nəzərdə tutulurdu: "Lavrov Ermənistana xüsusi olaraq Qarabağ məsələsi üçün getməmişdi. İrəvanda xarici işlər nazirlərinin iştirakı ilə keçirilən Kollektiv Təhlükəsizlik Konfransına qatılmışdı. Şübhəsiz ki, Qarabağla bağlı Ermənistan rəhbərliyi ilə hər hansı fikir mübadiləsi olub. Daha sonra isə Bakıya gəlmədi. Düşünmürəm ki, Moskvanın konkret bir planı olsun. Sankt-Peterburq görüşündən sonra danışıqlarda ciddi irəliləyiş olacağını ehtimal etmirəm. Ola bilsin ki, rusiyalı rəsmilər Kazan prinsiplərini irəli sürsünlər. Bu planda mərhələli həllə ehtiva edən müddəalarla yanaşı, təhlükələr də var. Qarabağ probleminin mərhələli həlli ilə yanaşı, referendum tarixi var ki, bu problem yaradır".
Politoloq bildirib ki, indiki halda Azərbaycanın yeganə güzəşti Dağlıq Qarabağın aralıq statusuna razılaşması olar: "Bu genişlənmiş Mardrid planında olan müddəadır. Aralıq statusu o deməkdir ki, onlar müstəqillikdən vaz keçsinlər, ətraf rayonlar boşaltsınar, qaçqınlar geri qayıtsın. Onlar yaşadıqları yerdə öz həyatlarına davam edə bilərlər. Hətta Azərbaycanla birgə formalaşdırdıqları parlamentləri də ola bilər, müəyyən polis qüvvələri də ola bilər. Mərhələli həll planının müddəaları da yerinə yetrilmiş olar. Amma hələlik bu mənada ortaq məxrəcə gələ bilməyiblər. Lavrov Azərbaycanda ola bilsin ki, müəyyən detalları müzakirə etdi. Konseptual olaraq deyə bilmərəm ki, biz sülhə yaxınıq". 
Elxan Şahinoğlu vurğulayıb ki, Rusiyanın yeganə dərdi və məqsədi tərəflərin qarşıdurmasına imkan verməməkdir: "İyul və avqust  çox həssas aylardır. Adətən atəşkəs bu aylarda pozulur. İki il öncə məhz bu ayda Ermənistan təxribat edərək, Azərbaycan torpaqlarında hərbi təlimlər keçirdi. Azərbaycan ordusu məcbur qalıb düşmənin helikopterini vurdu. Ona görə də Rusiya görüşləri intensivləşdirməklə, səfərlərin sayını çoxaltmaqla çalışır ki, hər iki tərəfi toqquşmalardan yayındırsın. Bu bir-iki ay davam edə bilər. Bəs sonra necə olacaq? Dünən İlham Əliyev mərhələli həll planına dəstək verdiyimizi vurğuladı. Bu həll planı ətrafında müzakirələr başlamasa belə çıxacaq ki, atəşkəs müvəqqəti xarakter daşıyır".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az