Xəbər lenti

Liz Trass istefa verdi: Gözlər yenidən yenidən Boris Consonda
Dünya 13:24 21.10.2022

Liz Trass istefa verdi: Gözlər yenidən yenidən Boris Consonda

Böyük Britaniyanın baş naziri Liz Trass 45 günlük hakimiyyətindən sonra istefa verməyə məcbur oldu. Bu postda fəaliyyəti Trass üçün elə ilk gündən uğurlu olmayıb. Onun həyata keçirmək istədiyi maliyyə-iqtisadi siyasəti elə ilk dövrdən iflasa uğrayıb. Bunun nəticəsi olaraq daxili işlər naziri başda olmaqla bir sıra nazirlər tezliklə Trassdan üz döndərdilər. Bu fonda Trassın hökuməti saxlamaq cəhdləri nəticə vermədi və istefaya getməli oldu. 

Qeyd edək ki, ilk dövrlər Britaniya cəmiyyətində Trassa böyük ümidlər var idi. Ondan Borus Consonun siyasətini davam etdirəcəyini gözləyirdilər, xüsusən də Ukrayna məsələsində. 
 
Lakin görünən odur ki, Liz Trass uğurlu siyasət yürüdə bilməməsinin qurbanı oldu. Trassın uğursuzluğu ilk növbədə ola bilsin ki, hakim Mühafizəkarlar Partiyası daxilində ciddi dəstək ala bilməməsilə bağlıdır. Düzdür, seçki dövründə o digər namizədləri qabaqlayaraq, baş nazir postuna yiyələndi. Lakin sonrakı dövrdə yürütdüyü siyasət görünür ilk növbədə elə partiyadaşlarının ondan üz döndərməsinə səbəb oldu. 
 


Liz Trassın istefasında ondan əvvəlki baş nazir Boris Consonun özü də maraqlı ola bilər. Pandemiya qalmaqalı ilə bağlı istefaya getməyə məcbur olan Consonun həmin ərəfədə və ondan sonra verdiyi bəzi açıqlamalar onun siyasətdən heç də birdəfəlik getdiyi anlamına gəlmirdi. O, hətta bir sıra hallarda qapalı şəkildə olsa da, qayıdacağına eyham vurmuşdu. Bu mənada ola bilsin ki, Conson istefaya gedəndən sonra tərəfdarları ilə birlikdə vəziyyətin sakitləşməsinə qədər "qurbanlıq” olaraq Trassın baş nazir olması variantına üstünlük veriblər. İndi isə yenidən əvvəlki vəziyyətə qayıtmaq zamanının yetişdiyini əsas tutaraq Conson və tərəfdarları Trassın hakimiyyətdən salınmasına qərar veriblər. 

Trassın istefasından dərhal sonra Consonun yenidən qayıda biləcəyilə bağlı fikirlərin gündəmə gətirilməsi ondan xəbər verir ki, xanım baş nazir sadəcə "qurbanlıq keçi” kimi ortaya atılmışdı. Baş nazirliyə iddia edən digər namizədlərin hələlik ortaya çıxmaması da onu göstərir ki, son prosesin arxasında məhz Conson və komandası dayana bilər. 
 


Digər tərəfdən, Böyük Britaniya hökuməti daxilində parçalanmanın olmasında maraqlı olan xarici qüvvələr də var. Bu xüsusda Rusiya daha çox maraq göstərir. Ukrayna məsələsində Kiyevə daha çox dəstək verən ölkə məhz İngiltərədir. 
 
"Dumanlı albion”lar ölkəsi Kiyevə hərbi, siyasi, iqtisadi və s. mənada hərtərəfli dəstək olmaqda davam edir. Bu isə istər-istəməz Ukraynada uğur qazana bilməyən Kremli ciddi şəkildə qıcıqlandırır. Bu səbəbdən də Moskva onun fəaliyyətinə daha çox əngəl yaradan Britaniya hökumətində parçalanmanın olmasında maraqlıdır. Rusiya xəfiyyəsinin Britaniyada hələ sovet dövründən güclü rol oynadığını nəzərə alsaq, Kremlin həmin ölkədə mühüm təsir vasitələrinə malik olduğunu görərik.   
Yaranmış vəziyyətdən müxalifətdə olan Leyboristlər Partiyası da yararlana bilər. Onlar növbədənkənar seçkilərin keçirilməsində israrlıdırlar. Çünki düşünürlər ki, seçkilər keçiriləcəyi təqdirdə mövcud vəziyyətdə Leyboristlərin hakimiyyətə gəlmək şansı daha yüksəkdir. Ancaq bu o halda baş verəcək ki, hakim Mühafizəkarlar Partiyası Trassdan sonra növbəti baş nazirin kim olacağı məsələsini çözə bilməsin. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->