Oktaybrın 12-də "France 2” kanalına müsahibə verən Fransa Prezidenti Emmanuel Makron Azərbaycan-Ermənistan münasibətləri məsələsinə toxunarkən, növbəti dəfə anti-Azərbaycan mövqeyindən çıxış edib: "İki il əvvəl Dağlıq Qarabağda müharibə olub. Bu bölgə beynəlxalq səviyyədə tanınmamış və mübahisəli ərazidir, lakin Ermənistan Qarabağda idi, çünki Qarabağ bu ölkənin ürəyindədir. Azərbaycan çoxsaylı qurbanların olduğu və qəddar səhnələrlə yadda qalan dəhşətli müharibəyə başlayıb, bu ərazini işğal etdi. Ermənistan bizim unikal bağımız olan ölkədir. Biz erməniləri yalnız buraxmayacağıq”.
Qeyd edək ki, Praqa görüşündə Bakı və İrəvan bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan edib. Amma üzərindən az müddət keçmiş Makron yenidən işğalçı meyllərə dəstək nümayiş etdirir. Makron iddia edib ki, Qarabağ bölgəsi guya beynəlxalq səviyyədə tanınmamış mübahisəli ərazidir. Halbuki Praqa görüşü fonunda əldə edilən razılığın özündə göstərilir ki, tərəflər BMT-nin tanınmış sərhədlər çərçivəsində bir-birinin ərazi bütövlüyünü tanıyır. BMT isə Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyıb.
Makronun bunu bilə-bilə Qarabağı beynəlxalq səviyyədə tanınmayan ərazi kimi təqdim etməsi onun vasitəçi qismində qərəzli mövqe tutmasından xəbər verir. Makron həmin açıqlama ilə əslində Azərbaycanın ərazi bütövlüyünü tanımadığına işarə vurub. Bu isə BMT-nin 5 daimi üzvündən biri olan Fransa kimi bir dövlətin başçısına heç də yaraşmayan hərəkətdir. Qarabağ tarix boyu Azərbaycan ərazisi olduğu halda, necə ola bilər ki, Makron həmin ərazini Ermənistanın ürəyi olaraq xarakterizə edir. Makron Fransadakı çoxsaylı erməni seçicisinin rəğbətini qazanmaq üçün onlara xoş gələn müəyyən fikirlər söyləyə bilər. Amma bu o demək deyil ki, bu zaman tarixi həqiqətləri danmaq lazımdır. Qarabağ heç zaman Ermənistanın ürəyində olmayıb. Bu ərazi yalnız və yalnız Azərbaycanın döyünən ürəyidir.
Fransa Prezidentinin bu sayaq fikirləri istər-istəməz sülh müqaviləsinin imzalanmasına da əngəl yarada bilər. Belə ki, fürsət düşən kimi verdiyi sözdən qaçmaqda peşəkar olan Ermənistan Makronun erməniləri yalnız buraxmayacaqları barədə açıqlamasından sonra yəqin ki, sülh müqaviləsinin imzalanması prosesinə də əngəl yaradacaq. Bu mənada, Makron səsləndirdiyi fikirlərlə Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində maraqlı olmadığını ortaya qoyur. Deməli, Paris regionumuzda növbəti müharibənin alovlanmasına çalışır. Fransa dövlət başçısının bu bəyanatı istər-istəməz onun ölkəsinin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında vasitəçilik etməsini də sual altına qoyur. Çünki Makron bununla vasitəçilik prosesində tərəf olduğunu ən yüksək səviyyədə bəyan edir. Belə olan halda, Fransanın vasitəçiliyi heç bir halda qəbul edilə bilməz. Çünki bu vasitəçilik sülhlə deyil, münasibətlərin daha da gərginləşməsinə gətirib çıxaracaq. Onun müsahibəsində əsas diqqətçəkən məqamlardan biri isə Azərbaycanın Avropaya qaz satmasının heç bir "güzəştə” əsas vermədiyi haqda dedikləridir: "Fransa Azərbaycandan qaz almır, bir neçə Avropa ölkəsi ilə qaz razılaşmaları var. Mən Fransa və Avropanın mövqeyi haqda deyə bilərəm ki, "bizim dəyərlərimiz və prinsiplərimiz” nə qazla, nə neftlə satın alınmır”.
Amma Makron anlamır və ya anlamaq istəmir ki, Azərbaycanın əzəli torpaqlarımız olan Qarabağı işğaldan azad etməsi onun qanuni və mənəvi haqqıdır, burada hər hansı bir "güzəşt” məsələsi yoxdur. Bununla Makron "Azərbaycana qarşı sanksiyaları nəzərdən keçirmədiklərini” deyən Avropa İttifaqının beynəlxalq məsələlər üzrə ali komissarı Josep Borelə cavab verir və Bakıya qarşı cəbhəni gücləndirəcəklərini elan edir.
Noyabrda Fransa senatı Azərbaycana qarşı sanksiyaların tətbiqini müzakirə etməyi düşünür. İstisna deyil ki, Fransa hökuməti təzyiq xarakterli qərarların qəbuluna çalışsın. Bu mənada Makronun sözügedən sərsəm açıqlaması da məhz belə bir qərarın əldə edilməsinə hesablanmış addım ola bilər. Fransa dövlət başçısının belə bir sayıqlaması Qərbin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini də heçə endirə bilər. Çünki belə yanaşma ilə Paris tərəf saxlayan Fransanın da yer aldığı həmin məkana etibarı azaldır. Bu mənada Makron həmin açıqlama ilə əslində sözügedən prosesdə vasitəçi qismində bilərəkdən ya bilməyərək Moskvanın rolunu gücləndirir.
Rüfət Sultan