Futbol tarixinin ən böyük əfsanələrindən biri, argentinalı 10 nömrə Dieqo Armando Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında "kəskin ağciyər ödemi" və "ürək çatışmazlığı" səbəbilə vəfat edib. Lakin Maradonanın ölümünü araşdıran prokurorların iddiasına görə, Dieqonu ölümə aparan prosesin qarşısı alına bilərdi.
Qaynarinfo xəbər verir ki, ittiham aktına əsasən, argentinalı ulduzun reabilitasiyasına və detoksifikasiyasına cavabdeh olan tibb işçilərinin səhlənkarlığı nəticəsində Maradona ümidsiz vəziyyətdə tək buraxılmışdı.
Bu çərçivədə hadisəyə qarışan səkkiz nəfərlik həkim və tibb heyəti qətldə ittiham olunur. Onlardan yeddisi Argentina paytaxtı Buenos-Ayresin San-İsidro məhkəmələrində 8 ildən 25 ilədək həbs tələbi ilə mühakimə olunacaq.
Beyin cərrahı
43 yaşlı Leopoldo Luke Maradonanın həyatının son illərində onun şəxsi həkimlərindən biri olub. 2020-ci ilin noyabr ayının əvvəlində subdural qanama keçirən Maradonanın beyin əməliyyatını icra edib və onun reabilitasiyası üçün evdə baxım almasını tövsiyə edib. Lakin müalicə prosesinin xəstə baxımı üçün minimal şəraitin olmadığı bir evdə baş verdiyi bildirilir.
Maradona doktoru Leopoldo Luke ilə birlikdə
İttiham aktına əsasən, beyin cərrahı Maradonaya göstərilməli olan tibbi yardımı təmin etməyib və ölümünə səbəb olan xəstəliklərin simptomlarını ciddiyə almayıb. Yerli mediada yayılan iddialara görə, məhkəmə sənədlərində Lukenin Maradonanın ailəsindən məlumat gizlətdiyi və əfsanəvi futbolçunu "etinasız və laqeyd şəkildə müzakirə etdiyi" üzə çıxıb.
Həkimin eyni zamanda adaşı, Argentinanın əfsanəvi hücumçularından biri olan və Mario Kempeslə birlikdə Argentinanı 1978-ci il Dünya çempionatında qələbəyə aparan Leopoldo Lukenin imzasını saxtalaşdırmaqda da ittiham olunub, lakin işin müddəti keçən il başa çatıb.
Psixiatr
40 yaşlı Aqustina Kosaxov Maradonanın ölümündən beş ay əvvəl onun müalicəsinə başlayıb. İttiham aktına görə, psixiatr futbolçuya kontrendikasiya olunmuş (xəstəyə faydadan çox zərər vermə ehtimalı yüksək olan) dərmanlar təyin edib və müalicə prosesini şəxsən izləməyib. Prokurorlar iddia edir ki, Maradona huşsuz vəziyyətdə aşkarlandıqda "hadisə yerindəki yeganə həkim" olmasına baxmayaraq, "xəstəni həyata qaytarmaq üçün heç bir cəhd göstərməyib".
Aqustina Kosaxov (sağda) 25 iyun 2021-ci ildə ifadə verməyə gedir
Kosaxov eyni zamanda tibbi sənədləri saxtalaşdırmaqda da günahlandırılır. İddialara görə, Maradonanı müayinə etməməsinə baxmayaraq, onun "şüurunun yerində olduğunu" bildirən hesabat təqdim edib. O da Luke kimi, bu ittiham üzrə 2024-cü ildə müddət bitməsi səbəbindən məsuliyyətdən yayına bilib.
Psixoloq
Bağımlılıq müalicəsi üzrə ixtisaslaşan 33 yaşlı psixoanalitik Karlos Dias 26 oktyabr 2020-ci ildə Maradonanın tibbi heyətinə qoşulub. Prokurorluq onu futbolçunun müalicəsi üçün uyğun bir müəssisəyə yerləşdirilməsini tələb etməməkdə və psixiatrın tətbiq etdiyi müalicəyə müdaxilə etməməkdə günahlandırır. Dias və Kosaxov, həmçinin, Maradonanın qızlarından onun real sağlamlıq vəziyyətini gizlətməkdə ittiham olunurlar.
Tibb bacıları
41 yaşlı Rikardo Almiron Maradonanın gecə baxımından məsul olan tibb bacısı olub. Prokurorlar onun xəstənin vəziyyəti ilə bağlı qeydlər apararkən protokollara əməl etmədiyini bildirir və ölümündən əvvəlki gecə Maradonanın səhhətinin normal olduğunu qeyd edərkən yalan danışdığını düşünürlər. Məhkəmə ekspertlərinin rəyinə görə, həmin gecə Maradonanın sağlamlıq vəziyyəti sürətlə pisləşib.
Almiron müdafiəsində bildirib ki, Maradonanın otağına girməsinə icazə verilməyib və onun yeganə vəzifəsi təyin olunmuş dərmanları hazırlayıb, Maradonanın yanına buraxdığı yaxınlarına təhvil vermək idi. Digər ittiham olunan tibb bacısı isə 37 yaşlı Gisella Madriddir. O, ayrı bir məhkəmə prosesində oxşar ittihamlarla jüri qarşısında cavab verəcək.
Nəzarətçi həkim
49 yaşlı həkim Pedro Di Spanya Maradonanın evdə müalicə və baxım prosesinin monitorinqinə cavabdeh olub. İddiaya görə, Maradonanın sağlamlığını müntəzəm izləməyib. Araşdırmalara əsasən, futbolçunu iki həftə ərzində cəmi iki dəfə ziyarət edib. Birinci gəlişində bir sıra testlər istəsə də, onların aparılıb-aparılmadığını yoxlamayıb, ikinci gəlişində isə Maradonanın müayinə olunmaqdan imtina etdiyini bildirib.
Koordinatorlar
56 yaşlı həkim Nensi Forlini "Swiss Medical" şirkətinin evdə müalicə departamentinin rəhbəri olub. O, Maradonaya göstərilən tibb bacısı xidmətlərinin və terapevtik müşayiətçilərin təşkilindən məsul olub. Müdafiəsində bütün qərarların Maradonanın şəxsi həkimlərinin əlində olduğunu iddia edib.
Tibb bacılarının koordinatoru, 44 yaşlı Mariano Perroni də istintaqa cəlb olunub. O, özünü yalnız inzibati işlərlə məşğul olan şəxs kimi təqdim edərək Maradonanı heç vaxt görmədiyini və yalnız Forlini vasitəsilə əlaqə saxladığını iddia edib. Lakin prokurorluq onun hesabatlarının Maradonanın real vəziyyəti və aldığı tibbi yardım ilə heç bir əlaqəsi olmadığı qənaətindədir.
Maradonanın ölümü ilə bağlı məhkəmə prosesi davam edir və günahkar bilinən şəxslər 8 ildən 25 ilədək həbs cəzası ala bilərlər.
Aydın
Şərhlər