Argentinada 25 noyabr 2020-ci ildə vəfat edən əfsanəvi futbolçu Dieqo Armando Maradonanın masajçısı Nikolas Taffarel məhkəmədə verdiyi ifadədə futbolçunun ölümündən bir gün əvvəl ona "Heç nə istəmirəm, vəssalam” dediyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Argentina mətbuatının məlumatına görə, Taffarel Buenos-Ayresdə Maradonanın ölümü ilə bağlı keçirilən məhkəmə prosesində şahid qismində ifadə verib.
2018-ci ildən Maradona ilə çalışan Taffarel bildirib ki, əfsanəvi futbolçunun həyatının son iki həftəsində onun yanında olub. Onun sözlərinə görə, Maradonanın bədənində güclü ödem yaranmışdı, sidikqovucu dərmanların qəbulu dayandırılmışdı və ölümündən bir gün əvvəl söylədiyi "Heç nə istəmirəm, vəssalam” ifadəsi futbolçunun ona dediyi son sözlər olub.
Taffarel qeyd edib ki, noyabrın 24-də Maradonanı ziyarət edərkən onun günlərdir yataqdan qalxmadığını görüb və otağından çıxmağa razı salmağa çalışıb.
Masajçının sözlərinə görə, evdə müalicəsinin ilk günlərində Maradonaya kömək edə bilsə də, sonradan futbolçu otağından çıxmaq istəməyib, yataqdan qalxmır, yemək yemir, paltarını dəyişmir, çimmir və masaj qəbul etməkdən imtina edirdi.
Taffarel bildirib ki, Maradonanın fiziki və psixoloji vəziyyəti ilə bağlı narahatlığını dəfələrlə onun şəxsi həkimi "Leopoldo Luke"yə çatdırıb və həkimdən xəstəni müayinə etmək üçün evə gəlməsini istəyib.
O, həkimə "Bədəni tamamilə ödem içindədir”, "26 saatdır yatır”, "Gəlməlisən, Leito” kimi mesajlar göndərdiyini, lakin cavab olaraq "Sakit olun”, "Bu normaldır” və "Şişkinlik keçəcək” ifadələrini aldığını iddia edib.
Taffarelin sözlərinə görə, həkimin qiymətləndirməsinin əksinə olaraq, Maradonanın vəziyyəti yaxşılaşmayıb, əksinə daha da ağırlaşıb. O, sağlamlıq vəziyyətinin pisləşməsinə baxmayaraq, konkret tibbi müdaxilə və ya operativ reaksiya görmədiyini bildirərək həmin dövrü "ümidsiz” adlandırıb.
Taffarel bildirib ki, tibb bacısından aldığı məlumata əsasən, Maradonanın ölümündən qısa müddət əvvəl həkimlər onun sidikqovucu dərmanlarını dayandırıblar. O, bu məsələni "Leopoldo Luke"dən soruşduğunu, həkimin isə qərarın "Swiss Medical" tibb müəssisəsinin həkimləri tərəfindən verildiyini söylədiyini bildirib.
Lakin məhkəmə zamanı açıqlanan məlumatlara görə, "Swiss Medical" tərəfindən məsləhətçi kimi təyin olunan həkim "Pedro Di Spanya" Maradonanı yalnız bir dəfə ziyarət edib və həmin görüşdə hər hansı dərmanın dayandırılması ilə bağlı qərar qəbul edilməyib.
İş üzrə Maradonanın şəxsi həkimi "Leopoldo Luke", psixiatr "Aqustina Kosaxov", psixoloq "Karlos Dias", "Swiss Medical"in evdə qulluq üzrə koordinatoru "Nensi Forlini", həkim "Pedro Di Spanya", tibb bacılarının koordinatoru "Mariano Perroni" və tibb bacısı "Rikardo Almiron" "ehtimal olunan qəsdlə adam öldürmə” ittihamı ilə mühakimə olunurlar.
Qeyd edək ki, Maradonanın meyitinin ekspertizasının ilkin rəyində onun yuxuda olarkən xroniki ürək çatışmazlığı nəticəsində yaranan kəskin ağciyər ödemindən vəfat etdiyi bildirilmişdi.
Aydın
Şərhlər