"Medinskinin bu açıqlaması bir daha onu göstərir ki, Rusiya hələ də Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, suverenliyinin bütün ərazilərdə bərqərar olmasını həzm edə bilmir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin mətbuata açıqlamasında keçmiş Azərbaycan-Ermənistan münaqişəsilə bağlı faktları təhrif edərək, Qarabağı mübahisəli ərazi kimi təqdim etməsini şərh edərkən deyib.
Natiq Miri bildirib ki, Rusiya sözdə beynəlxalq hüquq nöqteyi-nəzərdən Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə prezidentləri səviyyəsində bəyan etsə də, zaman-zaman istər xarici işlər naziri, istər müavinləri, sözçüsü və yaxud Putinin köməkçisi səviyyəsində Qarabağın ölkəmizə qaytarılması hadisəsini hələ də həzm edə bilmədiklərini bəyan edir və dolayısı ilə bunu Moskvanın geosiyasi uğursuzluğu kimi təqdim etməkdə davam edirlər:
"Ən azı bunu büruzə verirlər. Rusiya rəhbərliyi istər xarici işlər naziri, onun müavinləri və hətta sözçüsü səviyyəsində Ermənistan rəhbərliyinə hər hansı bir söz atanda Qarabağın qaytarılmasını Rusiyanın deyil Ermənistanın etdiyini və 2022-ci ildə İrəvanın Praqada bunu hüquqi cəhətdən təsdiq etdiyini təəssüflə qeyd edirlər. Bu da o deməkdir ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımasaydı, həmin məsələ Rusiyanın gələcəyə yönəlik təsir mexanizmi olaraq qalacaqdı".
Natiq Mirinin fikrincə, Medinskinin açıqlamasındakı hüquqi cəhətdən buraxılan yanlışlığa gəldikdə, bu, sadəcə texniki səhv olaraq qəbul edilə bilməz:
"Çünki o bilməmiş deyil ki, Qarabağ bütün zamanlarda Azərbaycanın tərkib hissəsi olub və mübahisəli ərazi predmeti deyil. Bununla bağlı nota da verilməlidir ki, Kreml nədən Azərbaycanın ərazi bütövlüyü məsələsini şübhə altına qoyduğunu əsaslandırsın".
Ekspert qeyd edir ki, Azərbaycana qarşı yeni bir anti-Azərbaycan prosesi yaratmaq Rusiyaya heç nə qazandırmayacaq:
"Azərbaycan-Rusiya münasibətləri mülki təyyarəmiz bilərəkdən Qroznı ərazisində vurulandan sonra böyük zərər görüb. Bu fonda ölkəmizə qarşı yeni bir anti-Azərbaycan prosesi başladılarsa, münasibətlərimizə ciddi xələl gələcək və burada itirən tərəf Moskva olacaq. Çünki Azərbaycan Ermənistan deyil ki, Avrasiya İttifaqının üzvlüyündən çıxarmaqla bağlı təhdid etsinlər. Ona görə də Rusiyanın ortada quyruq bulamasına qətiyyən ehtiyac qalmır".
Qeyd edək ki, son dövrlər Rusiyada rəsmilər səviyyəsində belə Azərbaycana qarşı təhdid xarakterli düşüncələr geniş yayılmağa başlayıb. Rusiya prezidentinin köməkçisi Vladimir Medinski "Russia Today” kanalına müsahibəsi zamanı Azərbaycana münasibətdə olduqca qərəzli açıqlama verib. O, keçmiş Azərbaycan-Ermənistan münaqişəsilə bağlı faktları təhrif edərək, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə buna cavab olaraq
bildirib ki, Rusiya Federasiyasının Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir. O bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır:
"Eyni zamanda, sual doğuran məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir. Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub".
Sonra diplomat Medinskiyə səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməməyi tövsiyə edib.
Rüfət Sultan
Şərhlər