İyulun 26-da Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb. Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər Ermənistan-Azərbaycan sülh danışıqları, Qarabağ probleminin həlli, regional kommunikasiyaların açılması, əsirlərin qaytarılması, itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələləri müzakirə ediblər. Paşinyan sülh prosesini ölkə ictimaiyyətinin dəstəklədiyini də vurğulayıb.
Ermənistanda fəaliyyət göstərən "168 TV"nin "İcmal” proqramının efirində Respublika Partiyasının İcra Aparatının üzvü Eduard Şarmazanov bu telefon danışığı zamanı toxunulan mövzulara bağlı danışaraq bildirib ki, Paşinyanın məqsədi ölkənin maraqlarını və Qarabağdakı erməniləri qorumaq deyil: "Onu ermənilərin maraqlarını qorumaq və ya erməniləri Qarabağda saxlamaq üçün hakimiyyətə gətirməyiblər. Əksinə, erməniləri məhv etmək, Ermənistanı türk qəzasına və asfalt yola çevirmək üçün hakimiyyətə gətirilib.
Son günlər Türkiyə prezidenti Ərdoğanın Ermənistanla bağlı müsbət siqnallar verməsi və digər proseslər bir planın tərkib hissədidir. Məqsəd nəyin bahasına olursa-olsun, Paşinyanın hakimiyyətdə saxlanılmasıdır. Bax buna görə biz 2020-ci ildə təşkil olunmuş müharibənin şahidi olduq. Beynəlxalq qüvvələrin Ermənistana yox, Azərbaycan və Türkiyəyə dəstək verməsi fonunda müharibə gedirdi. O vaxt deyirdik ki, yeni müharibə olacaq, yeni ərazilər itirəcəyik, o zaman bunun nəticələrini anlamalı idilər. Məgər ölkə başçısı buna görə siyasi məsuliyyət daşımalı deyilmi?", deyən Şarmazanov bildirib ki, Paşinyanın verdiyi vədlərin tam əksini həyata keçirməsinin səbəbi məsuliyyətsizlikdir.
"Bunun sübutu isə müharibədə məğlubiyyət və Ermənistanın suverenliyini itirməsidir. Bir sözlə, Paşinyan Ermənistanın suverenliyini qurban verdi", deyə Eduard Şarmazanov bildirib.
Telman