Xəbər lenti

Meşə yanğınlarından sonra II Dünya müharibəsindən qalan sursatlar aşkarlandı
Dünya 20:22 04.08.2026

Meşə yanğınlarından sonra II Dünya müharibəsindən qalan sursatlar aşkarlandı

Fransanın Jirond departamentində baş verən meşə yanğınlarından sonra aparılan soyutma işləri zamanı İkinci Dünya müharibəsindən qaldığı ehtimal edilən çoxlu sayda hərbi sursat aşkarlanıb.

Qaynainfo xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, Jirond departamentinin Le Porj kəndi yaxınlığında yanğından zərər çəkmiş ərazilərdə aparılan işlər zamanı 100-ə yaxın minaatan mərmisi və çoxlu sayda digər döyüş sursatı tapılıb.

Səlahiyyətli qurumlar sursatların Fransa və ya Almaniya ordusuna məxsus ola biləcəyini bildiriblər. Rəsmi arxivlərdə həmin ərazidə İkinci Dünya müharibəsi dövrünə aid silah anbarının mövcudluğu barədə məlumat olmasa da, sursatların müharibə zamanı bölgədə qalmış ola biləcəyi ehtimal edilir.

Bildirilir ki, yanğın zamanı kənddə eşidilən güclü partlayışların əvvəlcə qaz balonlarının partlaması olduğu düşünülsə də, sonradan bunun aşkar edilən döyüş sursatları ilə əlaqəli ola biləcəyi məlum olub.

Hazırda ərazidə tapılan minaatan mərmiləri və digər sursatların nəzarətli şəkildə zərərsizləşdirilməsi üçün təhlükəsizlik tədbirləri görülür və mütəxəssislərin araşdırmaları davam etdirilir.

Qeyd edək ki, Jirond departamenti Fransa tarixinin ən böyük meşə yanğınlarından birinə səhnə olub. Alovlar 10 gündən çox davam edib və təxminən 42 min hektar ərazi yanaraq külə dönüb.

Ümumilikdə isə bu il Fransada baş verən meşə yanğınları nəticəsində 117 min hektardan çox əraziyə ziyan dəyib. Bu səbəbdən ölkə tarixinin ən ağır yanğın mövsümlərindən birini yaşayır.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->