Xəbər lenti

Məsud Pezeşkian Rusiya-Qərb dileması qarşısında qalıb (ŞƏRH)
Dünya 16:00 25.09.2024

Məsud Pezeşkian Rusiya-Qərb dileması qarşısında qalıb (ŞƏRH)

Nyu Yorkda BMT Baş Assambleyasının sammitində iştirak üçün gələn İran Prezidenti Məsud Pezeşkian maraqlı açıqlama ilə çıxış edib. Belə ki, o Ukraynadakı vəziyyəti Avropa ölkələri və ABŞ nümayəndələri ilə müzakirə etməyə hazır olduğu barədə bəyanat verib. İran prezidenti BMT Baş Assambleyasında bəyan edib ki, Tehran heç vaxt Rusiyanın Ukrayna ərazisinə təcavüzünü dəstəkləməyib. 

Ukrayna ilə müharibədə Rusiyaya ballistik raketlər verməkdə davam edən İranın yeni prezidenti Pezeşkianın gözlənilmədən, birdən-birə belə bir açıqlama ilə çıxış etməsi müəyyən təəccüb doğurub. Olmaya İranın yeni prezidenti Rusiya tərəfə deyil, Qərbə doğru kurs götürmək istəyir? 

Qeyd edək ki, İran olduqca ağır vəziyyətdədir. Ölkə ciddi böhranla üz-üzədir. Qərbin tətbiq etdiyi sanksiyalar bu ölkəni iqtisadi, maliyyə çətinliklərilə qarşı-qarşıya qoyub. Tehranın Rusiyaya ballistik raketlər verməsi isə Qərbin İrana qarşı sanksiyalarının daha da sərtləşməsinə gətirib çıxarıb. Pezeşkian da, görünür, belə durumda İranın vəziyyəti daha da pisləşəcəyini anlayır. Yəqin ki, o Rusiyaya raket verib, əvəzində şimal ölkəsindən İranı çətin durumdan geniş müstəvidə xilas edəcək hansısa lazımi vasitələrin alacağına o qədər də ümid etmir. Rusiya özünün hazırki durumunda çətin ki, İranın düşdüyü bəlaya əlac olsun. 

Belə vəziyyətdə İranın yeni hökuməti, görünür başa düşüb ki, ölkənin çıxış yolu yalnız Qərblə əlaqələrdən keçir. Bunun üçün də Pezeşkian BMT Baş Assambleyasında Ukrayna məsələsilə bağlı sözügedən çıxışı edib. Bununla o, Qərbə mesaj verir ki, onlar İrana qarşı münasibətlərini dəyişsə, Tehran da öz növbəsində Rusiyaya raket verilməsini dayandıra, habelə yenidən nüvə sazişinə qayıda bilər. 

Yəqin ki, Qərb də öz növbəsində Pezeşkianın bu açıqlamasına diqqətlə yanaşacaq. Çünki Qərbə də lazımdır ki, İran Rusiyaya raket verilişini dayandırsın və nüvə məsələsində ABŞ-ın keççiş prezidenti Barak Obamanın dövründə imzalanan sazişə qayıtsın. 

İndi hər şey Pezeşkianın BMT Baş Assambleyasında səsləndirdiyi fikirlərində nə qədər səmimi olmasından asılıdır. İran sözügedən istiqamətdə real addımlar ataraq, Rusiyaya raket göndərməyə son qoysa, böyük ehtimalla Qərb də öz növbəsində Tehrana əl uzadacaq. Hər halda İran özünü düşdüyü çətin vəziyyətdən xilas etmək üçün Qərblə mövcud gərginliyi yumşaltmağa məhkumdur. 

Amma Qərbin də İranın mesajına müsbət cavab verməsi böyük ölçüdə ABŞ-da olacaq noyabr seçkilərindən asılıdır. Belə ki, həmin seçkidə respublikaçı namizəd Donald Tramp qalib gəlsə, onun İranla nüvə sazişinə qayıdacağı ehtimalı sıfra bərabərdir. 

Xatırladaq ki, məhz Trampın birinci prezidentliyi dövründə ABŞ nüvə sazişindəki imzasını geri çəkmişdi. ABŞ-ın növbəti prezidenti demokrat namizəd Kamala Harris olacağı təqdirdə, habelə Pezeşkian da dediyi sözlərində səmimi olaraq, həmin istiqamətdə real addımlar atacağı halda proses müsbətə doğru dəyişə bilər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->