Xəbər lenti

MOİK-in şəhid övladı olan kapitanı: “Çox dəhşətli atmosfer var idi”
İdman 18:05 22.12.2023

MOİK-in şəhid övladı olan kapitanı: “Çox dəhşətli atmosfer var idi”

Ötən gün Xankəndidə "Qarabağ”la MOİK arasında Azərbaycan Kubokunun 1/8 final mərhələsinin matçı keçirildi. Təbii ki, bu görüş ölkəmiz üçün çox önəm daşıyırdı. 30 ildən sonra düşmən tapdağı altından xilas edilən doğma torpaqlarımızda, özü də "Qarabağ” və hərbçilərimizi adından oynayan MOİK-in meydana çıxması xüsusi an idi.
 
Nəticədən asılı olmayaraq azərbaycanlılara möhtəşəm anlar yaşadan bu matçın maraqlı keçdiyini söyləmək lazımdır. Cəmi bir, özü də əlavə olunmuş dəqiqələrdə vurulan qolla "Qarabağ”ın qələbə qazandığı görüşdə "hərbçilər” heç də pis çıxış etmədi.

MOİK-in kapitanı Sabir Allahquliyev fikirlərini bölüşüb. Əslində, bu görüş Sabir üçün də xüsusi əhəmiyyət daşıyırdı. Çünki o şəhid övladıdır və atası Birinci Qarabağ müharibəsində həlak olub.
 
Qaynarinfo-ya oyunla bağlı təəssüratlarını bölüşən Allahquliyev bir vaxtlar vətən uğrunda canından keçən atasını da xatırladı:

"Oyuna çox yaxşı hazırlaşmışdıq. Bizi yaxşı qarşıladılar. Prezidentin orada olması çox önəmli və əlavə motivasiya idi. Düşməndən geri alınan torpaqlarımızda ilk oyunumuz idi. Bu səbəbdən komanda çox motivasiyalı oynayırdı. Düzdür, meydança o qədər də yaxşı, yəni futbolçular üçün çox rahat deyildi. Biz əks-hücumlarla oynayırdıq. Buna baxmayaraq, normal alındı. "Qarabağ” kimi rəqibə qarşı hər komanda oynaya bilmir. Biz də yaxşı müdafiə olunduq, məşqçinin dediklərini yerinə yetirdik. Pis alınmadı, istədiyimiz kimi çıxış etdik. Düzdür, bir qədər bəxt amili də rol oynadı, "Qarabağ” üç-dörd qol vəziyyətindən yararlana bilmədi”.

Əslində, səviyyə fərqini nəzərə alsaq, "Qarabağ”ın həmin matçda MOİK-ə ən azı üç-dörd qol vuracağı gözlənilsə də, bu, belə olmadı. "Hərbçilər” gözlənilənin əksinə daha yaxşı göründü. Baxmayaraq ki, Ağdam klubu matça heç də tam heyətlə çıxmamışdı. Allahquliyev oyunu yaxşı analiz etdiklərini və ikiqat motivasiya ilə oynadıqlarını, həmçinin prezidentlə də görüşdüklərini bildirdi:
 


"Həm analizlər aparmışdıq, həm də motivasiyamız yüksək idi. Müdafiə Nazirliyinin rəhbərliyi gəldi, komanda ilə görüşdü. Uşaqlar o ab-havanı gördü və motivasiyamız ikiqat artdı. Bu səbəbdən rahat oynadıq. Prezident futbolçularla bir-bir görüşdü. Oyundan əvvəl çıxış edəndə bildirdi ki, işğaldan azad olunmuş torpaqlarımızda stadionlar tikiləcək, futbol olacaq. Mərkəzdən də oyuna özü başladı. Ab-hava gözəl idi. Açığı, belə olacağını gözləmirdik. Çox dəhşətli atmosfer var idi. Mən də bir şəhid oğlu kimi bu anları gördüm, həqiqətən adamın tükləri biz-biz olur. Oyunda qol vurmaq imkanım yarandı, amma istifadə edə bilmədim. "Qarabağ”ın futbolçusu Nəriman sağ olsun, vurduğu qolu bütün şəhidlərə həsr etdi. Hər şey yaxşı idi”.

Futbolçu, "Qarabağ”ın tam heyətlə oynamamsına baxmayaraq komandasında heç bir arxayınlıq olmadığını da dedi:

"Düzdür, bu, "Qarabağ”ın Avroliqada oynadığı heyət deyildi. Amma hamısı oynayan uşaqlar idi. "Qarabağ”ın ikinci heyəti də güclüdür. Bu bizdə arxayınlıq yaratmamışdı. Onlar ciddi yanaşırdı, biz də eyni səviyyədə oynamaq məcburiyyətində idik. Düşünürəm ki, bəlkə də "Qarabağ”ın daha yaxşı oynamasına meydançanın durumu imkan vermədi. Təbii ot örtüyü olsaydı, yəqin dörd, beş qol vurardılar. "Qarabağ”ın azarkeşləri sağ olsun, bizi də dəstəkləyirdilər. Hamısı oyundan əvvəl "MOİK, MOİK” deyə qışqırırdılar. "Qarabağ”ı necə dəstəklədilərsə, biz də eyni münasibəti gördük. Hamısına təşəkkür edirik. Azarkeşlik etdikləri komandaya "Braqa” ilə oyunda uğurlar arzulayırıq. "Qarabağ” fəxrimizdir”.

O, öz komandasının Birinci Liqadakı hədəfləri və çıxışı haqda sualı da cavablandırdı:

"Birinci Liqada yolumuza davam edirik. İnşallah, ikinci dövrədə əlavə beş-altı futbolçu da cəlb edilsə, çempion ola bilərik. Heyətimiz Birinci Liqada heç bir rəqibdən zəif deyil. Sadəcə kiçik dəyişikliklər edilsə, bir neçə futbolçu gəlsə, çempionluğu qazanmağımız mümkündür. Premyer Liqaya vəsiqə qazanacağımız təqdirdə klub rəhbərliyi, orada oynamaq üçün əllərindən gələni edəcəklərinə söz verib”.

Sabir hələ uşaqkən şəhidlik zirvəsinə ucalan atasının son döyüşünü Ağdamda keçirdiyini dedi:

"Atam Allahquliyev Abdulla Allahqulu oğlu, 1994-cü ildə, mən hələ uşaqkən, Ağdamın Çəmənli kəndində şəhid olub. O vaxt Milli Qəhrəman adı verəcəkdilər. Amma atamın əmisi buna imkan verməyib. Əslən Qusardanıq, atam müharibəyə könüllü getmişdi. Anamın danışdığına görə, atamı nə qədər saxlamağa çalışsalar da, müharibəyə könüllü şəkildə gedib, son döyüşünü keçirib qayıtmaq istəyirmiş. Elə o gündən bir daha evə dönmədi”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->