Xəbər lenti

Moldovada Rusiya agentləri Sandunun seçkilərdəki qələbəsini ləğv etməyə çalışır - İSW
Dünya 11:15 05.11.2024

Moldovada Rusiya agentləri Sandunun seçkilərdəki qələbəsini ləğv etməyə çalışır - İSW

Rusiya və Kreml yönümlü agentlər Maya Sandunun Moldova Respublikasında keçirilən prezident seçkilərindəki qələbəsini gözdən salmaq üçün informasiya əməliyyatına başlayıb. Onlar səslərin hesablanmasının nəticələrini ləğv etməyə çalışırlar.

Bu barədə Qaynarinfo Müharibə Tədqiqat İnstitutunun (İSW) hesabatına istinadən xəbər verir.

Qeyd olunur ki, Moldova Sosialistlər Partiyası Sandunu "qanunsuz prezident” adlandırıb.

Kremlə bağlı moldovalı oliqarx İlan Şor Rusiyanın "Rossiya-24” dövlət telekanalına müsahibəsində bildirib ki, müxalifətin Sandunun xeyrinə kütləvi saxtakarlığa dair "dəlilləri” var.

Moldovanın kremlpərəst keçmiş prezidenti İqor Dodon TASS xəbər agentliyinə deyib ki, Sandu yalnız Moldova diasporunun səsləri sayəsində qalib gəlib.

Rusiya informasiya məkanı, o cümlədən rus hərbi bloqçuları Moldovada rusiyayönlü müxalifətin ölkədəki seçkilərə "Avropa bürokratları” tərəfindən nəzarət edildiyi və vətəndaşların seçkilərin nəticələrinə heç bir təsiri olmadığı barədə sözlərini təkrarlayıb.

"İSW daha əvvəl Rusiyanın Moldovada seçkilərə müdaxilə etmək və ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendumu pozmaq və Maya Sandunun qələbəsini əngəlləmək üçün sistematik səyləri barədə məlumat verib”, deyə hesabatda bildirilir.

Xatırladaq ki, bazar günü, noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərdə əsas rəqiblər ölkənin hazırkı prezidenti Maya Sandu və Moldovanın keçmiş prokuroru, Moldova Respublikası Sosialistlər Partiyasından namizəd Aleksandr Stoyanoqlo olub. İkinci turun nəticələrinə görə, Sandu 55,35% səs toplayıb və rusiyayönlü rəqibini məğlub edib.

Noyabrın 3 və 4-də çox sayda dünya liderləri Sandu təbrik edib və beynəlxalq seçki müşahidəçiləri seçkilərlə bağlı ümumən müsbət rəy veriblər. Rusiya və onun agentləri seçkilərin nəticələrinə təsir göstərməyə çalışıblar. Seçkilərin birinci turu oktyabrın 20-də keçirilib. Həmin gün eyni vaxtda referendum keçirilib və vətəndaşlar Moldovanın Aİ-yə inteqrasiyasını dəstəkləyiblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->