"Moskva İrəvana təzyiq edir ki, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası, habelə kommunikasiyaların açılması məsələsini həll etsin. Belə vəziyyət isə erməni cəmiyyətində müəyyən narahatlıqlara səbəb olur ki, bəzi qüvvələr ondan yararlanaraq prosesi pozmaq istəyir. Bu qüvvələr içərisində Qərbdən maliyyələşən terrorçu dəstələr, Rusiyanın özündən qaynaqlanan qüvvələr, Ermənistandakı millətçi dairələr də var”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli İrəvanın Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu istiqamətində, Qaragöl ətrafında törətməyə cəhd etdiyi növbəti təxribatı şərh edərkən deyib. Bu təxribatlar həmsöhbətimizə görə, həm də ermənilərin ağır məğlubiyyət sindromunu həzm edə bilməmələrindən qaynaqlanır:
"Erməni təxribatlarının davam edəcəyi gözlənilən idi. Ermənilərin uzun illər formalaşdırdıqları ideologiya tamamilə darmadağın olub. Ermənistan cəmiyyətində ağır məğlubiyyət sindromu yaşanır. Onların 20-25 ildir orta və ali məktəb dərsliklərində işğal etdikləri torpaqlar, Ermənistanın qələbəsi, özlərinin əvəzedilməzliyilə bağlı yazdıqları nağıllar 44 günlük müharibə dövründə tamamilə puç oldu. Yəni çağdaş tarixlə bağlı minlərlə səhifəlik dərslikləri demək olar, yararsız hala düşüb. Bu da Ermənistan cəmiyyətinin mənəvi-psixoloji durumunu ciddi şəkildə zədələyib. Onlar gerçəkdən özlərinə gələ bilmir”.
Politoloq qeyd edir ki, tərəflər arasında sülh müqaviləsinin imzalanması uzaq görünsə də, hər halda sərhədlərin delimitasiya və demarkasiyası və kommunikasiyaların açılması ilə bağlı məsələlər mütləq mənada həll edilməlidir:
"Bunu yubatmaq çətindir. Bütün bunlar üçtərəfli bəyanatda da öz əksini tapıb. Moskva da bu məsələnin indi həllini istəyir. Onlar düzdür, münaqişənin tam şəkildə həllində maraqlı deyil, amma Rusiya da başa düşür ki, münaqişə həll edilməyərək davam etsə, sabah bölgəyə arzu etmədiyi oyunçuların daxil olması ilə nəticələnən yeni müharibə baş ver bilər. Bu da onu göstərir ki, münaqişənin həlli istiqamətində irəliləyişlər olmasa, bu halda uzaq mənada Rusiya itirəcək. Bu baxımdan Moskva İrəvana da təzyiq edir ki, Azərbaycanla yuxarıda qeyd etdiyim məsələləri həll etsin.
Onlar da öz maraqlarının təmininə nail olmaq üçün ara-sıra belə təxribatların olmasında maraqlıdır. Ona görə də belə təxribatların davam edəcəyi gözləniləndir. Azərbaycan Ordusu bu təxribatların qarşısını almalıdır. Amma münaqişənin yenidən alovlanmasına getməyə də lüzum yoxdur. Çünki indiki şərait Azərbaycanın xeyrinədir. Məsələləri tam həll etməsək də, xeyli dərəcədə öz lehimizə həll etmək imkanı qazanmışıq. Ona görə düşmənin layiqli cavabını vermək, onu yeni təxribatlardan çəkindirməklə təmkinlə prosesi aparmalıyıq”.
Rüfət Sultan