Xəbər lenti

Mühafizə orderinin polis tərəfindən verilməsi nələri dəyişə bilər? (AÇIQLAMA)
Ölkə 16:06 29.11.2024

Mühafizə orderinin polis tərəfindən verilməsi nələri dəyişə bilər? (AÇIQLAMA)

Milli Məclisdə 15-ə yaxın qanun layihəsi müzakirəyə çıxarılır. Onlardan biri də "Məişət zorakılığının qarşısının alınması haqqında" qanundur. Qanuna edilən əlavə və dəyişikliklərdə hansı təkliflərin keçərli olması məqsədəuyğun olardı? 

"Qadın və uşaqların təhsilinə dəstək" İctimai Birliyinin sədri Sevinc Fədai Qaynarinfo-ya açıqlamasında təklif edib ki, məişət zorakılığına məruz qalan qadınların təhlükəsizliyini təmin etmək üçün mühafizə orderinin polis tərəfindən verilməsi yaxşı olardı:

"Bu, hüquq-mühafizə orqanlarının hadisəyə dərhal reaksiya verməsinə və zorakılıq halları baş verdikdə qadınların həyati təhlükə ilə qarşılaşmamasına kömək edər. Mühafizə orderinin dərhal verilməsi qadınların hüquqlarının təmin edilməsi üçün əlavə bir mexanizm olaraq çıxış edə bilər. Polis mühafizə orderi verməklə qadının hüquq və təhlükəsizliyini qorumağa cavabdeh olur və məişət zorakılığının qarşısını almağa kömək edir".
 


Sədrin sözlərinə görə, məişət zorakılığına məruz qalan qadınlar çox vaxt ictimai və ailə təzyiqləri altında qərar verməkdə çətinlik çəkirlər: 

"Polis tərəfindən verilən mühafizə orderi qadının təhlükəsizliyini təmin edərkən ona daha az təzyiq göstərilərək, hüquq mühafizə orqanlarının qərarına əsaslanması qadının təhlükəsizliyini artırar".
 
Sevinc Fədai əlavə edib ki, polis mühafizə orderini verməklə qadına qarşı zorakılıq və ya təhdid vəziyyətində olan şəxslərə qarşı hüquqi tədbirlər görməyə imkan yaratmış olur: 

"Bu həm də zorakılığa məruz qalan şəxslər üçün müvafiq sosial xidmətlərə daxil olmağa, hüquqi dəstək və müvəqqəti sığınacaq tapmağa imkan yaradır. Bu həm də hüquq mühafizə orqanlarının qadınların hüquqlarını dəstəkləməsi barədə əhəmiyyətli bir mesaj vermiş olar". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->