Zədəsi səbəbindən ilin əvvəlindən kortlarda oynaya bilməyən ispaniyalı tennisçi Rafael Nadal 2024-cü il mövsümünün ilk böyük dəbilqə turniri olan Avstraliya Açıq çempionatında iştirak edəcəyini açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, karyerasında 22 Böyük Dəbilqə çempionluğu olan 37 yaşlı tennisçi bu barədə sosial media hesabında paylaşım edib. O, açıqlamasında, "Düşünürəm ki, belə bir sona layiq deyiləm. İdman həyatım boyu həmişə çalışmışam. Ona görə də, təqaüdə çıxmağım mətbuat konfransı ilə baş tutmayacaq. Karyeramı lazım olduğu kimi bitirmək üçün çox çalışmışam. Bir il rəqabətdən kənarda qaldıqdan sonra geri qayıtmağın vaxtı çatdığını düşünürəm. Mövsümün ilk həftəsində Brisbendə olacağımı elan etməyə hazıram" - yazıb.
Nadalın ilk olaraq Avstraliyanın Brisben şəhərinin ev sahibliyi ilə dekabrın 31-də start götürəcək Peşəkar Tennis Assosiasiyası (ATP) 250 seriyalı Brisben International turnirində iştirak edəcəyi gözlənilir. İspan tennisçinin iki dəfə kubok qazandığı Avstraliya Açıq çempionatı 2024-cü ilin yanvarında keçiriləcək.
Bu ilin yanvarında Avstraliya Açıq çempionatının ikinci raundunda amerikalı Makkenzi Makdonald tərəfindən mübarizədən kənarlaşdırılan və həmin matçda aldığı zədədən sonra kortlara qayıda bilməyən ispan tennisçi may ayında keçirdiyi mətbuat konfransında 2024-cü ilin karyerasının son mövsümü olacağını açıqlayıb.
Səbuhi Həsənov
Şərhlər