ABŞ-ın Yuta Universitetindən olan alimlər neyrobiologiya sahəsində maraqlı bir yeniliyə imza atıblar: genetik modifikasiya edilmiş və könüllü şəkildə kokain qəbul edən ilk meyvə milçəklərini yaradıblar. Bu unikal model insanlar arasında kokain asılılığının araşdırılması və müalicə üsullarının inkişafı üçün yeni imkanlar açır.
Qaynarinfo xəbər verir ki, tədqiqat nüfuzlu "Journal of Neuroscience" jurnalında dərc olunub.
Normalda meyvə milçəkləri (Drosophila) kokain maddəsini bitki mənşəli zəhər kimi qəbul etdikləri üçün ondan uzaq dururlar. Alimlər bu davranışın milçəklərin ayaqlarındakı acı dad reseptorları ilə əlaqəli olduğunu müəyyən ediblər. Mütəxəssislər bu reseptorları genetik olaraq "söndürdükdə”, milçəklərin davranışında gözlənilməz dəyişiklik baş verib – onlar kokain əlavə olunmuş şəkər şərbətini özləri seçməyə başlayıblar.
Tədqiqatın aparıcı müəllifi Trevis Filio qeyd edir: "Cəmi 16 saatlıq təsirdən sonra milçəklərdə narkotik maddəyə açıq üstünlük formalaşdı".
Mütəxəssislərin fikrincə, meyvə milçəkləri insanlar üçün etibarlı asılılıq modeli sayıla bilər. Belə ki, bu həşəratlarda insan xəstəlikləri ilə əlaqəli genetik uyğunluğun təxminən 75%-i mövcuddur. Üstəlik, milçəklər psixoaktiv maddələrə qarşı insanlara bənzər reaksiya spektri göstərirlər – hiperaktivlikdən tutmuş tam dezorientasiyaya qədər.
Alimlər ümid edirlər ki, onların laboratoriyada yaratdığı bu "narkoman milçəklər" kokain asılılığının öyrənilməsində dönüş nöqtəsi olacaq və gələcəkdə minlərlə insan həyatını xilas edə biləcək müalicə üsullarının inkişafına töhfə verəcək.
Aydın
Şərhlər