Dünya 15:28 21.02.2023

Navalnı kimdir: Demokrat, yoxsa imperiya tərəfdarı?

Rusiyanın aparıcı müxalifət siyasətçisi, hazırda həbsdə olan Aleksey Navalnı Moskvanın Ukraynaya hücumunun ildönümü ərəfəsində öz siyasi platformasının 15 prinsipini dərc etdirib. Burada Rusiyanın müharibə və müharibədən sonrakı strukturundan bəhs edilir. 

Navalnı elan etdiyi 15 prinsipdə Putinin Ukraynaya qarşı ədalətsiz təcavüzkar müharibəyə başladığını bildirir. Müharibənin əsl səbəblərinə  gəlincə, müxalif liderin fikrincə, Rusiyanın daxilindəki siyasi və iqtisadi problemləri, Putinin nəyin bahasına olursa-olsun, hakimiyyəti saxlamaq istəyi və tarixi roluna olan vəsvəsəsi bu məsələdə mühüm rol oynayıb. Navalnı Ukraynanın sərhədlərindən danışarkən, qeyd edir ki, onun da sərhədləri Rusiyada olduğu kimi - beynəlxalq səviyyədə tanınan, 1991-ci ildə müəyyən edilən sərhədlərdədir:
 
"Bunları həmin vaxt biz də Rusiya olaraq tanıdıq. Rusiya bu sərhədləri indi də tanımalıdır. Müzakirə ediləcək bir şey yoxdur. Dünyanın demək olar ki, bütün sərhədləri təsadüfi olur və kiminsə narazılığına səbəb olur. Amma XXI əsrdə onların dəyişməsi üçün mübarizə aparmaq olmaz. Əks halda dünya xaosa qərq olacaq”. 

15 prinsipin müəllifinə görə, Ukrayna rahat buraxılmalı və ona xalqının istədiyi kimi inkişaf etmək imkanı verilməlidir, təcavüz dayandırılmalı, bütün Rusiya qoşunları Ukrayna ərazisindən çıxarılmalıdır. 

Xatırladaq ki, Navalnı Krımın Rusiya tərəfindən ilhaqını qeyri-qanuni adlandırıb. Lakin əvvəlki illərdə Navalnı Krımla bağlı fərqli düşünərək bildirirdi ki, mübahisəli yarımadanın kimə məxsus olması sualına birmənalı cavab vermək mümkün deyil. 2014-cü ildə "Exo Moskvı”ya müsahibəsində Navalnı deyib: "Ukraynalılara qəti şəkildə tövsiyə edirəm ki, özlərini də aldatmasınlar. Krım Rusiyanın tərkibində qalacaq və yaxın gələcəkdə heç vaxt Ukraynanın bir hissəsi olmayacaq”. 

Elə həmin müsahibədə o soruşub:
 
"Bəyəm Krım kolbasalı buterbroddur ki, onu ora-bura geri qaytarasan?”. Müxalifət lideri digər ictimai açıqlamalarında isə bildirib ki, yarımadanın taleyini onun sakinləri özləri həll etməlidir. 2016-cı ildə siyasətçi bildirib ki, Krımda keçirilən "ədalətli” referendumu beynəlxalq nəzarət və şəffaf səsvermə altında yoxlamaq lazımdır ki, bu da yarımadanın gələcəyini müəyyən edəcək. Eyni zamanda o, ukraynalı siyasətçilərin yarımadanın zorla qaytarılması ilə bağlı bəyanatlarını "özündən razı əhval-ruhiyyə” adlandırıb. 

Navalnı 2018-ci il prezident seçkiləri proqramında yazırdı:
 
"Krımın statusu yeni demokratik Rusiyaya əvvəlki hakimiyyətdən miras qalacaq problemdir. Rusiyanın bu məsələdə mövqeyi Krım xalqlarının öz taleyini müstəqil həll etmək hüququnun tanınması ilə müəyyən ediləcək”. 

2019-cu ilin noyabrında "Exo Moskvı”ya müsahibəsində Navalnı bildirib ki, "Krım probleminin sadə həlli yoxdur”. O, bunu onunla izah  edib ki, ərazidə Rusiya pasportu olan iki milyon insan var. 

Navalnının Ukrayna və onun tərkib hissəsi olan Krımla bağlı əvvəlki imperalistsayağı fikrindən geri çəkilməsi nə ilə bağlıdır? 

Bununla bağlı Qaynarinfo-ya müsahibəsində politoloq Zərdüşt Əlizadə Navalnının mövqeyini dəyişməsini onun mövcud şəraitə uyğunlaşmaq cəhdi kimi dəyərləndirib:
 

 
"İnsan canlı məxluqdur. İnsan ətraf mühit, şəraitlə həmişə təmasda olur və ona uyğunlaşmağa çalışır. Navalnı 2014-cü ildə rus imperalisti kimi çıxış edirdi. O da, Xadarkovski də Krımın Rusiyaya məxsus olduğunu bəyan edirdilər. Bu əsasda da Krımdan geri çəkilməyəcəklərini bildirirdilər. İndi isə onların ikisi də deyir ki, Krım Ukraynaya qaytarılmalıdır. Çünki beynəlxalq hüquq və onun sərhədlərin toxunulmazlığı ilə bağlı müddəaları var. 44 günlük müharibədən əvvəl erməni əhalisinin əksəriyyəti ərazinin Ermənistanın olduğunu bəyan edirdi. Amma müharibədən sonra üçtərəfli bəyannaməni imzalayan Nikol Paşinyana yenidən səs verdilər. Yəni, insanlar şəraitin dəyişməsinə uyğun hərəkət edirlər. Navalnı da həbsxana barmaqları arasından dünyaya baxandan sonra, öz səhvini anlayaraq, yeni mövqeyini açıqlayıb. SSRİ dağılanda Krım Ukrayna ərazisi idi, onun ərazisi olaraq da qalmalıdır. Bu fonda Navalnının Krımla bağlı mövqeyini dəyişməsi tamamilə təbiidir. İnsan cəmiyyətlə təmasda olur və onun təsirindən də dəyişikliyə uğrayır".

"Navalnı bir vaxtlar Azərbaycana münasibətdə də yaxşı mövqedə olmayıb, bəzi hallarda ermənilərin mövqeyini dəstəkləyən fikirlər səsləndirib. Ümumiyyətlə, o Qafqaz xalqlarına yuxarıdan aşağı baxmağa üstünlük verib. İndi belə çıxır ki, Krımla bağlı mövqeyini dəyişən Navalnı Cənubi Qafqazla bağlı əvvəllər sahib olduğu mövqeyini də dəyişə bilərmi” sualına cavab verən politoloq bildirib ki, bu barədə dəqiq nəsə demək hələ tezdir:

"Çünki ortada sübut, dəlil, Navalnının bu istiqamətdə hər hansı bir bəyanatı yoxdur. Amma 44 günlük müharibədə qələbədən sonra bütün dünyanın Azərbaycana münasibəti xeyli dərəcədə müsbət istiqamətə dəyişib, bu, faktdır”. 
 
Rüfət Sultan