Müğənni Almaxanım Əhmədli Opera və Balet Teatrının rəhbərliyini ittiham edib. O bildirib ki, sözügedən teatrın səhnəsində quruluş verilən "Leyli və Məcnun" tamaşasında baş rol almaq üçün mütləq "arxan" olmalıdır. Yəni orada səhnə almaq üçün həmin teatrın direktoruna səni kimsə tapşırmalıdır. Nə qədər istedadlı olsan belə, bu olmadan səni həmin teatrın qapısından içəri buraxmazlar.
Uzun illərdir ki, Opera və Balet Teatrının səhnəsində "Leyli" obrazının ifaçılarından biri olan Xalq artisti Aygün Bayramova isə Almaxanım Əhmədlinin bu ittihamını rədd edib:
"Musiqi Akademiyasında oxuduğum illərdə Xalq artisti, mərhum Arif Babayev mənə dedi ki, "sən teatra gəlməlisən”. Deyirdim ki, hələ tezdir, qoy bir az geniş səhnədə püxtələşim. Ondan sonra teatrın əvvəlki direktoru Akif Məlikov tədbirlərdə nə vaxt görürdüsə, məni teatra dəvət edirdi. Buna baxmayaraq, yenə də dəvəti qəbul etməmişəm. Demişəm ki, müəyyən zaman keçsin. Teatrın bütün tamaşalarına da baxırdım. Ola bilsin ki, kimlərisə tapşırıblar, bu barədə heç nə deyə bilmərəm. Şəxsən məni teatra 2-3 şəxs dəvət edib".
Aygün Bayramova bildirib ki, son illərdə bir neçə sənət adamlarının teatrda işləməsi üçün özlərinin rəhbərliyə müraciət etdiyinin şahidi olub:
"Gəliblər, onlara direktor, truppa rəhbəri qulaq asıb, kimisə götürüblər, kimisə yox. Əvvəllər Opera və Balet Teatrında solist olmaq çətin olub. Mütləq sənətin, səsin olmalı idi. Mən dərhal gedib "Leyli"ni oynamadım. Əvvəlcə həmin tamaşaya baxdım. Sonra 8 ay bu tamaşa üzərində işlədim. Gördülər ki, bu rolun öhdəsindən gələ bilərəm. Həmin vaxt Aygün Bayramova kimi tanınırdım, səhnə adamı idim. Amma bir də tamaşaçılar tərəfindən "Leyli” kimi təsdiqlənmək məsələsi var. Sevilməsən, rolun öhdəsindən gələ bilməsən, səni həmin teatra götürməzlər. Tamaşanın premyerası olandan sonra məni teatra solist götürüblər. Son illərdə orada nə baş verirsə, ondan xəbərim yoxdur".
Əməkdar müəllim Qəzənfər Abbasov heç vaxt Opera və Balet Teatrına solist kimi dəvət olunmadığını deyib:
"Mənə heç vaxt bu təklifi etməyiblər. Nə müəllimlərim deyib, nə də özümün belə bir fikrim olub. Amma mən bu obrazı dövlət imtahanında yüksək səviyyədə oynamışam. İmtahanı da məndən mərhum Arif Babayev və Xuraman Qasımova qəbul edib. Yüksək də qiymət verilib. Həmin vaxt məndən "Məcnun” ola bilərdi. Opera və Balet Teatrının işlərindən xəbərim yoxdur. Bilmirəm orada solistləri işə necə götürürlər. Odur ki, rastlaşmadığım məsələ ilə bağlı danışmaq mənə yaraşmaz".
Bahar Rüstəmli
Şərhlər