Dünya 11:12 25.07.2022

Orbanın nasist “qarışıq irqlər” iddiası avropalıları şoka saldı

İfrat sağçı Macarıstanın Baş naziri Viktor Orban Avropa və qeyri-Avropa irqlərinin "qarışdırılmasını” sərt tənqid edib. Onun çıxışı dərhal avropalı siyasətçilərin hiddətinə səbəb olub.

Bu barədə Qaynarinfo "The Guardian”a istinadən xəbər verir.

"Biz (macarlar) qarışıq irq deyilik... və biz qarışıq irqə çevrilmək istəmirik", - Orban deyib. O əlavə edib ki, avropalılarla qeyri-avropalıların qarışdığı ölkələr "artıq millət deyillər”.

Orban illərdir oxşar bəyanatlar verir, lakin bu dəfə fikirlər sərt, həddindən artıq sağçı şəkildə ifadə edilib.

Avropa Parlamentinin Macarıstanda müxalifətdə olan "İmpuls” partiyasından olan deputatı Katalin Çex Baş nazirin çıxışından şoka düşdüyünü deyib. "Onun açıqlamaları, məncə, hamımızın unutmaq istədiyi bir dövrü xatırladır. Bunlar, həqiqətən, rejimin əsl simasını göstərir", - avrodeputat deyib.

Rumıniyalı deputat Alin Mituta da Orbanın şərhlərinə qəzəblə reaksiya verib. "Xüsusilə də Mərkəzi və Şərqi Avropa kimi qarışıq regionda irqi və ya etnik "təmizlik”dən danışmaq aldadıcı və təhlükəlidir”.

Orban bunu Rumıniyanın Beyle Tuşnade şəhərində illik çıxışı zamanı bildirib. Məhz orada, 2014-cü ildə o, ilk dəfə Macarıstanda "qeyri-liberal demokratiya” qurmaq istədiyini söyləyib.

Nizami Bağırov