"Onlar istəmir ki, Qarabağın Azərbaycana mənsubluğunu, ərazi bütövlüyünü tanısınlar. İstəyirlər ki, hər hansı bir status əldə etsinlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanda Baş nazir səlahiyətlərini icra edən Nikol Paşinyanın ölkəsinin Azərbaycanla sülh danışıqları aparmağa hazır olduğu ilə bağlı fikirini şərh edərkən deyib. Politoloq hesab edir ki, Ermənistan bunu danışıqlar yolu ilə almaq istəyir:
"Paşinyan deyib ki, Ermənistan sülhə və bu istiqamətdə, danışıqlar aparmağa hazırdır. Bu, hansı şərtlərlə və necə gedəcək, qısa dövrdə, yoxsa uzun müddətdə gedəcək, 3-cü tərəfin müdaxiləsi tələb olunacaqmı və s. bunlar bilinmir. Əsas odur ki, niyyət bildirib. Erməni tərəfi də istəyir ki, münasibətlərdə hansısa bir müəyyənlik yaransın, amma onların gələcək haqqında təsəvürləri bizim təsəvürlərimizdən xeyli fərqlidir”.
Zərdüşt Əlizadə vurğulayıb ki, onlar status məsələsinə dinc yolla nail olmaq istəyirlər:
"Əvvəl müharibə etdilər, cavabların aldılar, indi dinc yolla buna nail olmaq istəyirlər. Ümid edirlər ki, Fransa, ABŞ, Rusiya onların tərəfində duracaq, Azərbaycana təzyiq edəcəklər ki, hansısa güzəştlərə getsin. Hər iki tərəf danışıqlara üstünlük verir. Gözləyək görək, nəticələr necə olacaq”.
Qeyd edək ki, Ermənistanda Baş nazir səlahiyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqləyib.
"Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır”, - deyə Paşinyan vurğulayıb.
Bahar Rüstəmli