Siyasət 19:23 20.04.2023

Peskov Bakı və İrəvanı növbəti dəfə təhdid edir - Politoloq

"Peskov Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda keçiriləcək görüşə qısqanc yanaşır. Daha doğrusu, Peskov may ayında ABŞ-da iki liderin sülh sazişi ilə bağlı razılıq əldə edə biləcəyindən narahatldır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun Qarabağla bağlı üçtərəfli sazişin problemin həlli üçün yeganə real əsas olduğu barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib:
 
"İki gün öncə Azərbaycan Prezidentinin Salyanda olarkən verdiyi açıqlama və Ermənistan baş nazirinin hökumətin iclasında dedikləri onu göstərir ki, tərəflər arasında Bakının təqdim etdiyi 5 baza prinsipi əsasında sülh müqaviləsinin imzalanması yolunda əhəmiyyətli irəliləyiş ola bilər. Həmin görüşdə irəliləyişin olması ehtimalı isə Rusiyanı narahat edir. Məhz, bundan doğan əndişənin nəticəsidir ki, Peskov problemin yalnız üçtərəfli saziş əsasında həlli edilə biləcəyinə vurğulayıb. Hətta o, bir qədər də irəli gedərək, digər vasitəçiləri prosesdən kənarda durmağa çağırıb. Ona görə də bu sayaq açıqlamalarla Rusiya hər iki tərəfi təhdid edir”.

Həmsöhbətimizin fikrincə, gözlənilən Vaşinqton görüşündə uğurlu nəticələr əldə ediləcəyi təqdirdə Rusiyanın növbəti təxribatlara əl atacağı istisna deyil:
 
"Zaman-zaman Rusiyanın sülhün əldə edilməməsi üçün müxtəlif təxribatlara getdiyinin şahidi olmuşuq. Ən sonuncusu aprelin 11-də sərhəddə baş verən hadisədir. Bu fonda Moskvanın iştirakı və rolu olmadan danışıqlarda hər hansı bir uğurlu nəticələr olacaqsa, Kreml tərəfindən yenidən anoloji təxribat və sürprizlərlə qarşılaşa bilərik”. 

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov Qarabağla bağlı üçtərəfli sazişin problemin həlli istiqamətində yeganə real əsas olduğunu bildirib. O deyib ki  Rusiya Federasiyası Qarabağ üzrə üçtərəfli razılaşmaların icrasını alternativsiz və zəruri hesab edir. 

Rüfət Sultan