Dünya 15:58 19.03.2024

Peskov: "NATO-nun Qafqazda təsir cəhdləri sabitliyi artırmayacaq"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, NATO-nun Qafqazda mövcudluğunu genişləndirmək cəhdləri açıq-aydın görünür. Onun sözlərinə görə, alyansın bu cür hərəkətləri regiona sabitlik qatmayacaq. 

Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, o, NATO-nun baş katibi Yens Stoltenberqin Qafqaza səfərini belə şərh edib.

"NATO-nun Qafqazda mövcudluğunu möhkəmləndirmək üçün ümumi istəkləri bizə yaxşı məlumdur və necə deyərlər, adi gözlə görünür. Həmçinin belə bir anlayış var ki, əslində NATO-nun öz təsirini və mövcudluğunu hansısa yolla genişləndirmək cəhdləri çətin ki, Qafqazda sabitlik və vəziyyətin proqnozlaşdırıla bilənliyini artırsın”, - Kreml nümayəndəsi press-koll zamanı bildirib.

Peskov etiraf edib ki, Qafqaz ölkələrinin bu cür təmaslar üçün suveren hüququ var. O qeyd edib ki, Rusiya vəziyyəti diqqətlə izləyir, lakin əsas diqqəti ikitərəfli münasibətlərə və region ölkələri ilə əməkdaşlıq alətlərinə yönəltmək niyyətindədir.

Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycanda, martın 18-də isə Gürcüstanda olub. Bu gün, martın 19-da o, İrəvana səfərə gəlib. 

Nizami Bağırov