Xəbər lenti

Planın detallı təhlili: Ukraynanın əks-hücumu necə olacaq? - Riçard Huker yazır
Dünya 16:04 26.05.2023

Planın detallı təhlili: Ukraynanın əks-hücumu necə olacaq? - Riçard Huker yazır

Ukrayna Baş Qərargahı geniş şəkildə tirajlanan əks-hücum əməliyyatına hazırlaşarkən, Krımın qaytarılması əsas əməliyyat prioritetlərindən biri hesab olunur.

Qaynarinfo "Atlantic Council”ın baş elmi işçisi, NATO Müdafiə Kollecinin keçmiş dekanı Riçard Hukerin analitik yazısını təqdim edir.

Bəzi ekspertlər, o cümlədən ABŞ-ın yüksək rütbəli məmurları bu məqsədi qeyri-real hesab edirlər. Təbii ki, burada çoxsaylı problemlər var. Xerson viayətindən Krıma hücum, çox güman ki, özündə Dnepr çayının o biri tərəfinə keçmək, dar Pereskop keçidinə nəzarət etmək üçün gərgin döyüşlər və sonra Rusiyanın bir neçə müdafiə xəttini aşmaq üçün minalanmış ərazilərə birbaşa hücumları ehtiva edir. 

Və bütün bunlar güclü artilleriya zərbələri altında baş verməlidir. Ukraynaya hava qüvvələri və uzaqmənzilli silahların, həmçinin amfibiya və ya desant platformalarının çatışmazlığı mane olacaq və üzbəüz hücum demək olar ki, yeganə varianta çevriləcək.

Amma çətinliyə baxmayaraq, tapşırıq mümkünsüz görünmür. Hunlardan və monqol-tatarlardan tutmuş ingilislərə, bolşeviklərə və almanlara qədər bir çox işğalçı ordu Krımı fəth edə bilib. Bundan əlavə, Ukraynanın motivasiyası, komandanlıq və ümumqoşun potensialı Rusiyadan üstündür və üstün Qərb silahları ilə təchiz edilmiş 11-dək yeni briqada Ukraynanın quru qoşunlarını əhəmiyyətli dərəcədə gücləndirib.
Krıma hücum necə ola bilər? Ukrayna ordusu dronlardan, artilleriya zərbələrindən və xüsusi təyinatlılardan istifadə etməklə mürəkkəb həlledici əməliyyatlar keçirməyə kifayət qədər qadirdir. Dneprdən müvəffəqiyyətlə keçmək və Pereskop keçidinə doğru irəliləmək də rusiyalıların əzmini və əhval-ruhiyyəsini sarsıdacaq.

Bununla belə, daha yaxşı variant tapmaq olar. 

Keçmiş zamanlarda işğallar uğurlu olsa da, çox vaxt böyük itkilər bahasına olub. Məsələn, ingilislər və fransızlar XIX əsrin ortalarında Krım müharibəsi zamanı 165.000 insan itiriblər. Bu günə qədər verdiyi ağır itkiləri nəzərə alaraq, Ukrayna hərbi və fiziki infrastrukturunu mümkün qədər qoruyaraq strateji məqsədlərinə nail olmağa çalışacaq. Krım yarımadasında gedən şiddətli döyüşlər dinc əhaliyə də böyük ziyan vuracaq. Müvafiq olaraq, Krımın Rusiya ilə əlaqəsinin kəsilməsi və hərbi dəstəkdən məhrum edilməsi Ukrayna müharibəsinin məqsədlərinə xeyli aşağı qiymətə nail ola bilər.

Bu yanaşma ilə Ukraynanın yeni mobil briqadalarının əksəriyyəti cəbhə xəttini yarıb Zaporojye vilayətinin cənubuna doğru hərəkət etməzdən əvvəl Ukraynanın cənub-şərqindəki əsas avtomobil və dəmir yolu qovşağı olan Dnepr yaxınlığında cəmləşəcək, Rusiya artilleriyasının atış məsafəsindən xeyli kənarda olacaq. Buradan əməliyyat məqsədi Melitopolun azad edilməsi və Rusiyadan Krıma gedən qurudan körpünün bağlanması olacaq.

Ukraynanın cənubunun açıq, düz relyefi və regionda nisbətən yaxşı yol şəbəkəsi mobil əməliyyatlar və logistika üçün əlverişli şərait yaradır. Əməliyyata dəstək səyləri Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində Rusiya qüvvələrinin orada qalması üçün təzyiqlərin artırılmasını əhatə edəcək.

Rusiya quru körpüsünü kəsmək cəhdi uğurlu olarsa, iki variant nəzərdən keçirilə bilər. Onlardan biri qərbə dönüb Rusiya qoşunlarını Xerson vilayətində təcrid etməkdir. Alternativ olaraq, Ukrayna qüvvələri şərqə dönüb 2022-ci ilin mayında Rusiya tərəfindən işğal edilmiş Mariupolu geri almağa cəhd edə bilər.

İstənilən halda, Melitopolun ələ keçirilməsi Rusiyanın siyasi və hərbi rəhbərliyi arasında böhrana səbəb olacaq, çünki cənub və şərqdəki Rusiya qüvvələri bir-birindən qopacaq və əməliyyat səviyyəsində müdafiəni qeyri-mümkün edəcək. Bu, Rusiyanın əhval-ruhiyyəsini kəskin şəkildə sarsıdacaq və Ukraynaya beynəlxalq dəstəyi daha da artıracaq.

Əgər Ukraynanın əks-hücum əməliyyatı iyunda başlasa, o, potensial olaraq yayın sonuna qədər tamamlana bilər və Krım körpüsü Krımda rus qoşunlarının qurudan tədarükü üçün yeganə qalan variant olacaq. Lakin kampaniyalar uğurlu olarsa, bu, körpü Ukraynanın uzaqmənzilli raketlərinin əhatə dairəsinə daxil olacaq. O, həmçinin dron hücumlarına qarşı da həssas olacaq.

Bu arada, Krımda Rusiya qüvvələrini hava və dəniz yolu ilə təchiz etmək təhlükəli olacaq, çünki həmin zaman limanlar və aerodromlar dronların zərbələri, raketlər və reaktiv artilleriyasına qarşı həssas olacaq. Bir sözlə, Krım effektiv şəkildə təcrid olunacaq. Ukraynanın Krımın su təchizatının əsas mənbəyi olan Şimali Krım kanalına nəzarəti bərpa etməsi Rusiyanın logistika problemlərini daha da dərinləşdirəcək.

Əgər Ukraynanın əks-hücum əməliyyatı cənuba doğru irəliləsə, Rusiyanın Qara dəniz donanması Krımda qala bilməyəcək. Sevastopolun Ukrayna raket artilleriyasının əhatə dairəsində olduğundan, donanma Rusiyanın Qara dəniz sahilində yerləşən Novorossiyskə - dəniz birləşmələri üçün daha az infrastruktur imkanlarına malik limana çəkilməyə məcbur olacaq.

Putin çox güman ki, belə uğursuzluqlara nüvə təhdidlərinə qayıtmaqla cavab verəcək. Eyni zamanda, o, Ukrayna ərazilərinin heç olmasa bir hissəsinin ona qalması məqsədilə atəşkəs və danışıqlar yolu ilə nizamlanması üçün Kiyevə diplomatik təzyiq şəklində beynəlxalq müdaxilə tələb edə bilər. Bununla belə, Putinin nüvə şantajı böyük ölçüdə artıq öz təsirini itirib, bundan başqa Çin nüvə silahından istifadənin hətta müzakirə edilməməli olduğunu açıq şəkildə bildirib. 

Diplomatiya yolu ilə xilasetmə məsələsinə gəlincə, Ukraynanın bu yay yerdəki böyük uğurları yekun qələbəni reallığa çevirə və Ukraynanı irəliləməyə ruhlandıra bilər. Əgər Ukrayna qüvvələri irəliyə doğru addım ata bilsə, kənar təzyiqlərdən asılı olmayaraq, ölkə liderləri çətin ki, danışıqlara getsinlər və əziyyətlə əldə edilən uğurlardan imtina etsinlər. Bu arada, digər müxalif səsləri neytrallaşdırmaq və Ukraynanın döyüş meydanındakı uğurlarını gücləndirmək üçün Britaniya, Polşa, Skandinaviya və Baltikyanı ölkələr kimi müttəfiqlərə və tərəfdaşlara ümid etmək olar. 
Ukrayna silahlı qüvvələri bütün bunları etməyə qadirdirmi? Bunun üçün bir neçə şərt var. Müvafiq miqdarda yanacaq, ehtiyat hissələri, artilleriya və zenit sursatları və digər ləvazimatlar mövcud olmalıdır.

2022-ci ilin sentyabrında Xarkov vilayətində əks-hücum əməliyyatında olduğu kimi, əməliyyat təhlükəsizliyi və uğurlu aldatma əməliyyatları mühüm əhəmiyyət kəsb edəcək. Ukrayna Baş Qərargahı əsl əməliyyat sənətinə malik olmalıdır. Onlar döyüş meydanında həlledici nəticələr əldə etmək üçün zaman və məkanda və bir neçə bölgədə ümumqoşun döyüşlərin ardıcıllığını müəyyən etməyi bacarmalıdırlar. Ruslar da liderliyin zəif tərəflərini, aşağı əhval-ruhiyyəni və qərar qəbul edərkən döyüş gücünü sinxronlaşdırmaq iqtidarında olmadığını nümayiş etdirməyə davam edərək kömək etməlidirlər.

Müharibədə, əlbəttə ki, gələcəyi proqnozlaşdırmaq çətindir. Lakin bütün əlamətlər Ukraynanın uğurlu əks-hücumuna işarə edir. Ağır itkilərə, aramsız döyüşlərə və mülki infrastruktura davamlı olaraq yağan raket yağışına baxmayaraq, Ukrayna çox sayda yeni, yaxşı təchiz edilmiş və yaxşı təlim keçmiş ehtiyatlar formalaşdıra bilib. Ruslara qarşı döyüşlərdə uzun illərin təcrübəsi ilə özlərini sübut etmiş istedadlı komandirlər ön plana çıxıb.

Çətin ki, Ukrayna Baş Qərargahı maddi-texniki təchizatın tamlığına və planlaşdırmanın etibarlı olduğuna əmin olmadan bu cür iri əməliyyatlarla bağlı risklər getsinlər. Bundan əlavə, ukraynalı komandirlər cəbhə xəttinin önündə gördüklərindən ruhlanmalıdırlar. Onların qabağında tank, canlı qüvvə və sursat baxımından böyük itkilər verən məğlubiyyətə uğramış rus ordusu var; səmərəsiz rus aviasiyası; və yalnız limanlarda gizlənməyə qadir olan Rusiya Qara dəniz donanması. Son 15 ayda baş vermiş qırğın döyüşlərdən bir nəfər də olsun görkəmli rus komandiri çıxmayıb. Ehtimallara görə, ruslar hazırda Ukraynanın hücumunu inamsız şəkildə və pis proqnozlarla gözləyirlər.

Kampaniyanın sonrakı mərhələləri Ukraynanı diplomatiya, davam edən sanksiyalar və hərbi güc yolu ilə tam azad etmək məqsədi daşıyacaq. Böyük Britaniyanın "Storm Shadow" qanadlı raketləri və digər uzaqmənzilli sursatların tədarükü kimi son addımlar hərbi hesablamaları dəyişir. Eyni şey F-16 qırıcılarını idarə etmək üçün ukraynalı pilotların hazırlanması ilə bağlı uzun müddətdir təxirə salınan qərara da aiddir. Putin müttəfiqlər və tərəfdaşların yorulması ilə Ukraynaya dəstəyin azalacağını gözləyir. Əslində, Ukrayna güclənir, Rusiya isə getdikcə köhnəlmiş avadanlıqlardan və getdikcə daha çox könülsüz çağırışçılardan istifadə etməli olur.

Bizə tez-tez deyildiyi kimi, düşmənlə üz-üzə gələndə heç bir plan işləmir. Qarşıdan gələn əks-hücum zamanı çox güman ki, təsadüfi taktiki səhvlər və ya əməliyyat çatışmamazlıqları olacaq, lakin diqqətli qiymətləndirmə Ukraynanın qalib gəlmək şansının daha çox olduğunu göstərir. Qarşıda daha şiddətli döyüşlər var, lakin müharibənin sonu artıq kifayət qədər aydın görünür və Ukrayna üçün çox perspektivli görünür.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->