Dünya 15:23 23.09.2022

Polşa prezidenti Putinin nüvə təhdidlərinə cavab verdi: ABŞ-da da “düymə” var

Putinin nüvə silahı ilə hədələri ciddi qəbul edilir. Amma o, belə bir addım atmaq qərarına gəlsə, cavab olacaq, çünki ABŞ-ın da nüvə "düyməsi” var.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna "Polsat news”a istinadən yazıb

"ABŞ böyük nüvə dövlətidir, dünyanın ən böyük hərbi dövlətidir və ABŞ-ın bu Rusiya təhlükəsini ciddi qəbul etməsi həm də Rusiya üçün təhlükədir”, - Polşa prezidenti Anjey Duda deyib. 

Onun sözlərinə görə, əgər Moskva bütün tabuları pozarsa, hətta nüvə silahı olmayan və bu gün öz ərazisini yalnız adi silahlardan istifadə etməklə müdafiə edən Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edərsə, o zaman "qisas” gözləyə bilər.

"Putin və ətrafı bilir ki, nüvə silahı olmayan dövlətə qarşı istənilən, hətta taktiki nüvə silahının tətbiqi bu cənabları hər hansı dünya siyasətindən kənarda qoyacaq”, - Duda qeyd edib.

Polşa prezidenti vurğulayıb ki, bu, təkcə tribunal, törədilmiş cinayətlərə görə məsuliyyət deyil, sadəcə olaraq Kreml elitasının və bütün Rusiyanın sivil dünyadan kənarlaşdırılması demək olacaq.

Nizami Bağırov