Dünya 19:06 20.06.2022

Polşadan Rusiyaya qarşı 7-ci sanksiyalar paketi çağırışı – Daha sərt

Polşa AB-nin Rusiyaya qarşı yeddinci sanksiyalar paketini tətbiq etməyə, o cümlədən texnologiya ixracına qadağa qoymağa çağıracaq.

Qaynarinfo "Euractiv” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Polşa Xarici işlər nazirinin müavini Marcin Pjidaç Almaniyanın Welt am Sonntag qəzetinə müsahibəsində deyib.

"Altıncı sanksiya paketi Rusiyaya ağır zərbə vurdu, lakin biz Putini və onun hərbi maşınını kifayət qədər zəiflədə bilmədik. Daha çox və daha sərt sanksiyalara ehtiyac var", - nazir deyib. 

Polşanın RMF FM radiosu xəbər verir ki, hökumət bazar ertəsi Lüksemburqda AB Xarici Əlaqələr Şurasının iclasında Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağıracaq. Polşanın təklifi ilə yeni paket Rusiyaya Avropa texnologiyalarının, o cümlədən ikili təyinatlı malların ixracının dayandırılmasını ehtiva edəcək.

"Bizim nöqteyi-nəzərimizə görə, yeddinci sanksiyalar paketi mümkün qədər tez qəbul edilməlidir. Biz (Rusiyaya) təzyiq göstərməyə davam etməliyik. Bizi Baltikyanı ölkələr dəstəkləyir və ümid edirik ki, digər avropalılar da Rusiyaya qarşı daha sərt sanksiyalarla razılaşacaqlar”, - Pjidaç bildirib. 

Nurlan Hüseynov