Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Qaynarinfo xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo, karate, fitnes və trenajor zalları, üzgüçülük hovuzu yaradılıb. Bunlardan başqa, kompleksdə iclas zalı, kafe, hakim, məşqçilər, həkim, şərhçilər üçün otaqlar, restoran, 42 yerlik mehmanxana binası da fəaliyyət göstərəcək.
Azərbaycanın ev sahibliyi etdiyi Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Son illərdə idman sahəsində görülmüş məqsədyönlü işlər nəticəsində Azərbaycan beynəlxalq yarışların keçirildiyi əsas mərkəzlərdən birinə çevrilib. Müxtəlif idman yarışları üzrə Dünya və Avropa çempionatları, həmçinin Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər tədbirlərin uğurla təşkili Azərbaycanın bu sahədə yüksək təşkilatçılıq bacarığını nümayiş etdirib. Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarının Azərbaycanda keçirilməsi də ölkəmizə beynəlxalq idman ictimaiyyəti tərəfindən olan etimadın təzahürüdür.
Şübhəsiz ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması, mötəbər idman tədbirlərinin keçirilməsi üçün ölkəmizin seçilməsi həm də paytaxt Bakı ilə yanaşı, regionlarımızda müasir idman infrastrukturunun yaradılması ilə də bağlıdır.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də "BakuBus” MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlətimizin başçısına avtoparkda yaradılan şərait barədə məlumat verdi.
Üç yüz yerlik avtobus parkının inşasına bu ilin yanvarında başlanılıb. Ümumi sahəsi 10 hektar olan parkda texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yuyulması gücünə malik kompleks inşa edilib. Avtobus parkının yaradılması ilə 675 nəfər işlə təmin olunub. Onlardan 553 nəfəri sürücü, 122 nəfəri isə inzibati və texniki heyətdir.
"BakuBus” MMC Gəncə şəhərində 18 mövcud və 2 yeni marşrut xətti üzrə fəaliyyət göstərəcək. Şəhərə yüksək ekoloji standarta - EURO6-ya cavab verən 280 avtobus gətirilib ki, onlardan da 45-i 54, 186-sı 63, 49-u isə 102 sərnişin tutumuna malikdir.
Bu layihənin həyata keçirilməsi, ilk növbədə, paytaxt Bakıdan sonra respublikanın ən böyük şəhəri olan Gəncənin nəqliyyat-sərnişin daşıma infrastrukturunun müasirləşdirilməsi baxımından çox mühüm rol oynayır. Bu, eyni zamanda, sərnişinlərin rahat, təhlükəsiz şəkildə mənzilbaşına çatmasına imkan yaradır, şəhərin nəqliyyat parkının yenilənməsinə böyük töhfə verir. Həmçinin yeni iş yerlərinin açılmasında da belə layihələrin rolu önəmlidir.
Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Mövcud 32 marşrut xəttində optimallaşdırma aparılıb, 22 marşrut xəttinin fəaliyyət göstərməsi müəyyən olunub.
Əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcıl rəqəmsal texnologiyaların tətbiqidir. Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gedişhaqqını "CityCard” nağdsız ödəniş sistemi, istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri ilə ödəmək mümkündür.
Sərnişindaşıma sahəsinin optimallaşması çərçivəsində Dəmiryol Vağzalının qarşısında Nəqliyyat Mübadilə Məntəqəsi yaradılıb. Burada dəmir yolu ilə avtomobil nəqliyyatının qarşılıqlı əlaqəsi öz əksini tapıb.
Əhalinin gediş-gəlişi və sıxlığın çox olduğu ərazilərdə 34 müasir dayanacaq pavilyonu quraşdırılıb.
Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində 97 küçədə asfalt örtüyünün yenilənmə işləri aparılıb, 128 kilometr xətlənmə işləri icra olunub. Şəhərdə təhlillər aparılaraq mikromobillik zolaqlarının salınması üçün uyğun yerlər müəyyənləşdirilib.
Taksi nəqliyyat vasitələri üçün cəlbetmə məntəqələrinin müəyyən edilməsi istiqamətində də işlər aparılıb və 10 ünvanda taksi duracağı üçün yer təyin olunub.
Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarımızın müasirləşdirilməsi, əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması və ümumilikdə, bölgələrimizin sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən atılan addımların göstəricisidir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Gəncə şəhər stadionunun aşılısında iştirak edib. Dövlətimizin başçısına stadion barədə məlumat verildi.
Bildirildi ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir. Ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası tikilib. Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr yaradılıb. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən arena müasir işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik sistemləri ilə təchiz olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü oktyabrında stadionun tikintisi ilə bağlı sərəncam imzalayıb. Onun təməli isə ötən ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. Bu ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.
Beynəlxalq səviyyədə idman ölkəsi kimi nüfuzunu getdikcə möhkəmləndirən Azərbaycanın bölgələrində bu sahənin inkişafı dövlətimizin prioritet istiqamətlərindən biridir. Son illərdə regionlarda tikilən və yenidən qurulan idman kompleksləri yerlərdə idmanın kütləviləşməsinə mühüm töhfə verir, gənc nəslin sağlam böyüməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı mötəbər idman yarışlarına ev sahibliyi etməklə, özünün yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Belə müasir idman arenalarının istifadəyə verilməsi ölkəmizin digər bölgələrində olduğu kimi, Gəncədə də istər yerli, istərsə də beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə hərtərəfli şərait yaradacaq.
Şərhlər