Gələn ilin yayında Rusiyada növbəti Prezident seçkiləri keçiriləcək. Konstitusiyaya edilən dəyişiklik fonunda hazırkı prezident Vladimir Putin 2024-cü ildə də namizədliyini yenidən irəli sürə bilər. Amma "Vaqner” qiyamı istər-istəməz, Putinin nüfuzuna mənfi təsir göstərib. Bu hadisədən sonra Putinə artıq əvvəlki tək xarizmalı ciddi füqur kimi baxmırlar.
Qaynarinfo-ya açıqlama verən politoloq Əlimusa İbrahimova görə, Rusiyada 1 il sonra keçiriləcək prezident seçkiləri Putin üçün olduqca çətin olacaq:
"Putinin reytinqi hazırda əvvəlki qədər güclü deyil. Müharibənin başlanması və onun uzanması fonunda Putinin reytinqi aşağı düşüb. Ukrayna müharibəsinin Putinin istədiyi istiqamətdə cərəyan etməməsi istər-istəməz onun nüfuzuna mənfi təsir göstərib. Priqojin olayı isə Kreml sahibinin nüfuzunu daha da aşağı salıb. Bunun da nəticəsində onun reytinqi əvvəlki dövrlə müqayisədə xeyli dərəcədə aşağı düşüb. Belə davam edərsə, bir ildən sonra keçiriləcək prezident seçkiləri Putin üçün müsbət heç nə vəd etmir. Mövcud durumda Putinin qalib gəlmək şansı azdır. Amma bir il böyük müddətdir. Aydındır ki, bir il ərzində ətrafı Putinin reytinqinin qaldırılmasına çalışacaqlar. Bir il müddətində müxtəlif nüanslar ortaya çıxa bilər. Ukrayna müharibəsində hər günün öz hökmü var”.
Həmsöhbətimizə görə, vəziyyət belə davam edərsə, Putin yerinə başqa namizəd tapmalı olacaq:
"O elə bir şəxs tapmalıdır ki, ölkədə həm müəyyən nüfuz sahibi olsun, həm də özünü müəyyən mənada Putinin siyasətinə qarşı çıxmış kimi göstərə bilsin”.
Putini əvəzləyəcək şəxslərə gəlincə, ekspert hesab edir ki, 2024-cü il seçkilərində növbəti dəfə Medvedyev variantına əl atıla bilər:
"Habelə baş nazir Mişustinin namizədliyi də verilə bilər. Putini əvəzləyəcək şəxs kimi onun şansı daha yüksəkdir. Seçkiyə bir neçə ay qalmış bunlar bəlli olacaq”.
Politoloq düşünür ki, liberal kəsimin ortaya çıxmaq şansı isə yoxdur.
"Hakimiyyət liberalların uğur qazanmasına imkan yaratmır. Ona görə də liberal kəsimdən növbəti seçkilərdə namizəd olaraq kiminsə ortaya çıxacağını düşünmürəm. Amma özünü liberal kimi təqdim edən şəxslərin isə ortaya çıxması mümkündür”, deyə Əlimusa İbrahimov qeyd edib.
Rüfət Sultan