"Sərhədin delimitasiyası texniki və vaxt aparan uzun prosesdir, sülh sazişi isə çətin deyil və sadəcə olaraq, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərinin qarşılıqlı şəkildə qəbul olunmasına əsaslanır".
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində deyib.
Bir çox analitiklər 2024-cü ildə sülh sazişinin imzalanacağını təxmin edirlər. Azpost.info saytının rəhbəri, siyasi şərhçi Xəqani Səfəroğlu Qaynayinfo-ya açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi barədə prqonozlar müxtəlifdir. Amma sazişin konkret tarixi barədə danışmaq hələ ki, mümkün deyil:
"Burada bir sıra millər rol oynayır. İlk olaraq Nikol Paşinyan hakimiyyətinin sülh prosesindən beynəlxalq təsir rıçaqı kimi istifadə etmək niyyəti müşahidə olunur. Əlbəttə, bu məsələdə İrəvan özü söz sahibi deyil. Cənubi Qafqazda geopolitik maraqları olan kənar ölkələr və təşkilatlar Qarabağ müharibəsinin siyasi nəticlərinin əldə olunmasına tələsmirlər. Çünki, məğlub Ermənistan Avropa İttifaqı üçün əlverişli "kart”a çevrilir. Regionda logistik və enerji layihələri üzərində təsir rıçaqı əldə etmək üçün Avropaya tərəflər arasında koordinator statusunu əldə etmək vacibdir”.
Ekspert hesab edir ki, bunu, Moskvanın bölgəyə təsirini azaltmaq və Cənubi Qafqazdan keçəcək beynəlxalq logistika layiəhələrin strateji xəttini müəyyən etmək üçün böyük fürsət sayırlar:
"Bu məsələdə Fransa və Almaniyanın cəhdləri göz önündədir. Makron siyasətinin əsas hədəfi yeni dünya düzənində Avropa İttifaqının və onun flaqamanı sayılan Fransanı söz sahibinə çevirməkdir. Makronun siyasi xətti ABŞ-ın maraqlarının sözsüz icraçısı olmaqdan çıxaraq, bu oyunda masada söz sahibinə çevrilməkdir. Odur ki, Fransa Avropa ittifaqının maraqlarını özünün xeyrinə istifadə etmək məqsədi güdür. Əgər Ukraynada ABŞ söz sahibidirsə, o zaman Paris Cənubi Qafqazda artıq tarixə keçmiş Qarabağ savaşının siyasi nəticələri üzərində "yeni masa” qurmaq planını güdür. Bunun üçün Ermənistanı hər vəchlə mifik "yeni siyasi şəraitə” qədər sülh sazişini yubatmağa sövq edir. Sülh sazişi Rusiya üçün çox önəmlidir”.
Xəqani Səfəroğlunun sözlərinə görə, Cənubi Qafqazın flaqman ölkəsi olan Azərbaycan region üçün proseslərdə təyinedici faktordur.
"44 günlük müharibədən sonra Bakı regionun əsas söz sahibinə çevrilib. Bu sırada mühüm enerji layihələrinin keçdiyi "Gəncə qapısı”, işğaldan azad edilmiş strateji sərhəd zonaları və Avropanı Asiya və Şərqlə birləşdirəcək logistika marşrutu durur. Qarşıda duran 25 ildə Rusiya üçün təhlükəsiz nəqliyyat şəbəkələri çox mühüm məsələ olacaq. Ukrayna müharibəsinin daha 5 il davam etməsi proqnozlaşdırılır. Bu fonda Moskvanın enerji və logistika yollarının Asiyaya diversifikasiya etməsi vacib indikatordur. Qərblə kommunikasiyalarını kəsən Putin Rusiyası yeni "qan damarları” axtarır. Cənubi Qafqazda Ermənistanın sülh sazişini süni şəkildə "regional problem” kimi saxlaması Moskvanın maraqlarına cavab vermir”, deyə Xəqani Səfəroğlu vurğulayıb.
Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan üçün sülh sazişi əsas prioritetdir:
"Bakı ərazi bütövlüyünün tanınması və sərhədlərin müəyyən edilməsi müqabilində sülh müqaviləsini imzalayacaq. Burada əsas məsələ Ermənistanı revanşist cəhdlərinə cavab verməyə imkan verən, irəvanı avanturist siyasətini tormozlayacaq təminat formullarının müəyyən olunmasıdır. İrəvan delimitasiya ilə bağlı məsələni sülh danışıqlarının əsas prioriteti kimi qoyması Bakını qane edə bilməz. Çünki sərhəd danışıqları illəlrlə uzana bilər. Azərbaycan üçün sülh sazişi İrəvanın razı olacağı Zəngəzur dəhlizi ilə Naxçıvana manəsiz gediş-gəliş və bunun müqabilində regional layihələrdə İrəvana fürsətlər paketi açmaq olar. Bunun üçünsə İrəvan kənar qüvvələrin Qafqaz təbaşir dairəsinin çəkməsinə imkan verməməlidir. Azərbaycan Türkiyə ilə birgə yeni siyasi şəraitin şərtlərini diqtə edir. Ankara 100 ildən sonra bölgəyə qayıdıb. İndi bu tandem Avropaya və Asiyaya qovşaqların aparılmasını müəyyən edir. Moskva da bu siyasəti nəzərə almağa məcburdur. Hələ ki, proses davam edir. Sülh danışıqları il ərzində müəyyən periodlarla aparıla bilər. Amma 2024-cü ildə iki dövlət arasında Böyük Sülh Sazişinin imzalanacağı gözlənilmir".
Aydın