Dünya 11:31 19.03.2024

Qaqauziya lideri Moldova prezidentini məhkəməyə verəcək

Qaqauziya muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul bildirib ki, prezident Maya Sandu onu muxtariyyətə qanunsuz rəhbərlik etməkdə və cinayətkar qrupun maraqlarını təmsil etməkdə ittiham etməsindən sonra vəkilləri Moldova liderinə qarşı şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi ilə bağlı iddia hazırlayırlar. 

Qaynarinfo xəbər verir ki, Qutsul bu barədə "Telegram"da yazıb.

Onun sözlərinə görə, prezident Maya Sandu növbəti dəfə "Qaqauziya xalqının muxtariyyətinə hücum etməyə" başlayıb.

"Onun bəyanatları bütün qaqauzları təhqir edir: həm yerli sakinlər, həm muxtariyyət seçiciləri, həm də bir il əvvəl prezident seçkilərində mənim rəqiblərimi. Sandu və onun partiyası qaqauz seçicilərinin nə seçiminə, nə də iradəsinə dəyər vermir. Hüquqşünaslarımız dərhal vətəndaş Maya Sanduya qarşı yalan və böhtana görə diffamasiya iddiası qaldıracaqlar", deyə Qutsul yazıb.

O, Qaqauziyadakı seçkilərin qanuni olduğunu və Moldova hakimiyyətinin səsvermənin nəticələrinə etiraz etmədiyini vurğulayıb. Qutsul qeyd edib ki, yerli əhalinin maraqlarını təmsil edir.

"Mən bu saxta ittihamları qəti şəkildə rədd edirəm. İndiyədək vətəndaş Sandu tərəfindən bu yalan və böhtana məhəl qoymamışam, amma bu gün o, bütün sərhədləri keçdi. Mən ondan qanun qarşısında cavab verməsini tələb edirəm", deyə siyasətçi yazıb.

O, ümid etdiyini bildirib ki, Sandu sözlərinə cavab vermək üçün özündə cəsarət tapacaq.

Bundan əvvəl Maya Sandu Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulu nazir təyin etməkdən imtina edib. O, qərarını Qutsulun "Şor cinayətkar qruplaşması"nda işləməsi və ölkəsinə qarşı bəyanatlar verməsi ilə əlaqələndirib. Qanuna görə, Qaqauz muxtariyyətinin rəhbəri avtomatik olaraq Moldova hökumətinin üzvü təyin olunmalıdır.

Aydın