Xəbər lenti

Qızıl əriyir: Rusiya büdcədəki boşluq səbəbindən ehtiyatlarını satır
Dünya 17:53 21.07.2026

Qızıl əriyir: Rusiya büdcədəki boşluq səbəbindən ehtiyatlarını satır

Rusiya Mərkəzi Bankı federal büdcədə artan kəsiri maliyyələşdirmək məqsədilə qızıl ehtiyatlarının satışını ardıcıl altıncı aydır davam etdirir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, iyun ayında Mərkəzi Bankın qızıl ehtiyatları daha 9,33 ton azalaraq ilin əvvəlindən bəri ümumilikdə 43,5 ton azalıb.

Məlumata əsasən, bu göstərici Ümumdünya Qızıl Şurasının son 25 ildən artıq dövrü əhatə edən statistikası üzrə ən böyük satış həcmi hesab olunur. Bundan əvvəl oxşar miqyaslı satış yalnız 2002-ci ildə qeydə alınmışdı. Həmin vaxt yanvar–iyun aylarında Rusiya qızıl ehtiyatlarını 36,1 ton azaltmışdı.

Hətta COVID-19 pandemiyası dövründə rublun və büdcənin dəstəklənməsi məqsədilə həyata keçirilən satışlar daha məhdud olub. 2020-ci ilin iyulundan 2021-ci ilin aprelinədək cəmi 7,6 ton qızıl satılmışdı.

2026-cı il iyulun 1-nə olan məlumata görə, Rusiya Mərkəzi Bankının qızıl ehtiyatı 2 283 tona enərək 2020-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb.

"Freedom Global” şirkətinin analitiki Vladimir Çernovun qiymətləndirməsinə görə, qızıl satışından təxminən 5,6 milyard ABŞ dolları əldə olunub və bu vəsait büdcə kəsirinin maliyyələşdirilməsinə yönəldilib.

Analitik bildirib ki, ötən ilin payızından etibarən Mərkəzi Bank Maliyyə Nazirliyinin Milli Rifah Fondunun vəsaitləri ilə apardığı əməliyyatları daxili bazarda qızıl alqı-satqısı vasitəsilə əks etdirir. Onun sözlərinə görə, qızıl ölkə daxilində saxlanıldığı və son illərdə qiyməti əhəmiyyətli dərəcədə artdığı üçün bu məqsəd üçün əlverişli aktiv hesab olunur.

Nəşrin yazdığına görə, Mərkəzi Bank qalan yuan ehtiyatlarını sürətlə tükətməmək üçün qızıl satışına üstünlük verir. Sanksiyalardan sonra Rusiya Mərkəzi Bankı valyuta ehtiyatlarının strukturuna dair məlumatları məxfi saxlayır. Son açıqlanan məlumatlara əsasən, bankın ehtiyatlarında təxminən 100 milyard ABŞ dolları həcmində Çin yuanı var idi, lakin hazırda bu məbləğin nə qədər olduğu məlum deyil.

Çernovun sözlərinə görə, satılan qızılın əsas hissəsi birja və birjadankənar bazarlar vasitəsilə Rusiya banklarına satılıb. Moskva Birjasının məlumatları da göstərir ki, bu il qızıl əməliyyatlarının həcmi kəskin artıb. Təkcə mart ayında əməliyyatların həcmi 42,6 tona çatıb. Bunun 14 tonu fiziki çatdırılma ilə həyata keçirilən müqavilələrin payına düşüb.

Nəşr qeyd edir ki, 2026-cı ilin ilk yarısında Rusiyanın federal büdcə kəsiri təxminən 6 trilyon rubl təşkil edib. İqtisadçılar ilin sonuna qədər büdcə kəsirinin hökumətin rəsmi proqnozunu 1 trilyon rubldan çox üstələyə biləcəyini istisna etmirlər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->