Xəbər lenti

Qranada bəyanatında Bakı üçün hansı tələlər yer alır? - İlham Əliyev planı alt-üst etdi
Siyasət 17:09 08.10.2023

Qranada bəyanatında Bakı üçün hansı tələlər yer alır? - İlham Əliyev planı alt-üst etdi

Qranada görüşündə İlham Əliyev olmadan Nikol Paşinyan, Olaf Şolt, Emmanuel Makron və Şarl Mişelin qəbul etdiyi birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü (86,600 km2) tanınsa da, detallar heç də Bakının maraqlarına və mövqeyinə uyğun deyil. Mümkündür ki, bu bəyanat öncədən hazırlanmışdı və Əliyevin görüşdən imtina etməsinin səbəblərindən biri də məhz bu olub.

Azərbaycan görüşdən imtina etsə də, Paşinyan, Şolts, Makron və Mişelin proqramı ləğv etməməsinin hədəfləri var:

- Avropa Cənubi Qafqazdan kənarda qalmaq istəmədiyinin, bununla razılaşmayacağını mesajını verir;
- Bölgədə plasdarm kimi gördükləri Ermənistanın maraqlarını kollektiv şəkildə müdafiə edəcəklərini göstərdilər;
- Və bu məqsədlə öncədən hazırlanmış bəyanat mütləq qəbul edilməli idi: bu, Rusiyanın vasitəçiliyinə və onun vasitəçiliyi ilə qəbul olunmuş 10 noyabr bəyanatına alternativ sənəd kimi istifadə olunacaq və Paşinyan Moskva masasında mümkün danışıqlar zamanı bu sənədə istinad edəcək;

Azərbaycan olmadan bəyanatın qəbul edilməsi buna hesablanıb. Və mətn həm Qarabağ, həm də sərhəd və kommunikasiya məsələsində Azərbaycanın maraqlarına uyğun deyil.

Birincisi, separatizm toxumlarının Qarabağa yenidən qaytarılması planı;

Bəyanatda "Qarabağ ermənilərinin (?) kütləvi köçünə görə Ermənistana əlavə humanitar yardımın zəruriliyi” qeyd olunur və vurğulanır ki, "qaçqınların öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüququ heç bir şərt olmadan, beynəlxalq monitorinq altında, tarixlərinə, mədəniyyətlərinə və insan hüquqlarına lazımı hörmətlə yanaşılmaqla azad şəkildə həyata keçirilməlidir”.

1. "Heç bir şərt” ifadəsi o deməkdir ki, geri qayıtmaq istəyən ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməsi tələbindən imtina edə bilər, yaxud rəsmi Bakı belə bir tələb qoyarsa, bəyanata istinadən buna etirazın edilməsi mümkündür;
2. "Beynəlxalq monitorinq” adı altında beynəlxalq missiyanın təməli atılır və ermənilərin Bakının tələbləri çərçivəsində yox, istədikləri kimi geri qayıdaraq, yaşaması üçün beynəlxalq nəzarət mexanizmi qurulur;

Bu, "erməni əhalisinin hüquq və təhlükəsizliyi” adı altında erməni separatizminin toxumlarının yenidən ərazimizə qaytarılması deməkdir.

İkincisi, Azərbaycanın qoşunlarını sərhəddən geri çəkməsi istənilir;

Bəyanatda qeyd olunur: "Onlar (görüş iştirakçıları) SSRİ Baş Qərargahında mövcud olan ən son xəritələr əsasında sərhədin delimitasiyası istiqamətində təcili iş aparılmasının vacibliyini vurğuladılar. Bu xəritələr həm də qüvvələrin bir-birindən uzaqlaşdırılması, sülh müqaviləsinin yekunlaşdırılması və bütün humanitar məsələlərin həlli üçün əsas olmalıdır”.

1. SSRİ xəritəsində edilən son dəyişiklik 1975-ci ilə aid edilir, Paşinyan da delimitasiya üçün 1975-ci il xəritəsinin əsas götürülməsini istəyir: bu, Bakının anklavların azad edilməsi tələbinə qarşı İrəvana "Başkəndi və bir neçə sərhəd kəndini” tələb etmək imkanı verir, yaxud əksinə, Bakının anklavlar tələbini arxa plana keçirirlər; bununla yanaşı, Azərbaycan ötən əsrin 20-ci illərindən başlayaraq, Ermənistana otlaq və əkin sahəsi adı altında verilən əraziləri tələb etmək imkanından da məhrum olur;
2. "Qüvvələrin bir-birindən uzaqlaşdırılması” Ermənistanın istədiyi "güzgü prinsipi”nin dəstəklənməsi deməkdir: bu ssenaridə Ermənistanın işğal dövründə irəli çəkdiyi sərhəd xəttini 44 günlük müharibədən sonra bərpa edən Azərbaycan qoşunlarını geri çəkməlidir;
3. Sülh müqaviləsinə də bu prinsiplər çərçivəsində baxırlar, yəni Bakı bunu etməsə, sazişin imzalanması da sual altına düşür;

Üçüncüsü, Zəngəzur dəhlizi – Naxçıvana "maneəsiz keçid” məsələsi qəbul edilmir;

Bəyanatda "kommunikasiyaların açılması ölkələrin suverenliyi və yurisdiksiyası əsasında olmalıdır” yazılır, bu da Azərbaycanın istədiyi Naxçıvana "maneəsiz keçid” – Zəngəzur dəhlizi məsələsinə ziddir.

(Bundan öncə Əliyevin iştirak etdiyi Brüssel və Praqa görüşlərində kommunikasiyanın açılmasında bu prinsip qeyd olunurdu, lakin o görüşlərdə Bakının əsas hədəfi başqa idi, Qarabağda erməni separatizmi ləğv edildikdən sonra situasiya dəyişdi. Bu haqda növbəti yazılarımızda).

Bəyanatın yeganə müsbət tərəfi Azərbaycanın ərazi bütövlüyünün (86,600 km2) qəbul edilməsidir. Ki, bu əvvəlki görüşlərd qəbul edilən prinsipin davam etdirilməsidir və Ermənistan etiraz etmir. Mətnin böyük hissəsi isə məhz Ermənistanın maraqlarına uyğundur. İstisna deyil ki, Bakıda mətnin ilkin variantı ilə tanış olublar və dördün birə nisbətində (Paşinyan+Mişel-+Şolts+Makron - Əliyev) baş tutacaq görüşdə bunu dəyişdirmək imkanının az olduğunu nəzərə alaraq, radikal gedişin edilməsi qərarı verilib. Əliyevin Şarl Mişelə "Qranadada Azərbaycanın iştirakı olmadan Azərbaycan adının dördtərəfli bəyanata daxil edilməsi düzgün yanaşma deyil” etirazı da bundan qaynaqlanır.

Asif Nərimanlı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->