Bir qrup jurnalist və incəsənət xadimi Azərbaycan prezidentinə Avropaya inteqrasiya kursundan imtina etmək barədə düşünməklə bağlı çağırış edib. Qaynar.info-nun verdiyi xəbərə görə, jurnalistlər prezidentə müraciətlərində bildiriblər ki, Avropa Birliyinin qarşıdan gələn “Şərq tərəfdaşlığı” sammitində iştirak məsələsinə yenidən baxılsın. Müraciət müəllifləri qeyd edib ki, sabitliyin təmin olunması, enerji təhlükəsizliyi və insanlar arasında əlaqələrin inkişafı məsələlərində AB lazımi ardıcıllığı göstərmir və zaman-zaman hətta vacib operativ qərarların qəbulunda tormozlayıcı faktor rolunda çıxış edir. Demokratik inkişaf məsələsində isə avropalı tərəfdaşlar tez-tez yersiz öyüdverici ritorikaya əl atırlar.
Məsələ ilə bağlı Qaynar.info-ya açıqlama verən millət vəkili Asim Mollazadə bildirib ki, belə bir müraciəti düzgün hesab etmir: "Azərbaycan dövlətinin əsas strategiyasından biri Avrointeqrasiyadır. Şərq Tərəfdaşlığı proqramında iştirak ölkəmiz üçün çox vacibdir. Buna görə də mən belə bir müraciəti ümumiyyətlə düzgün hesab etmirəm və bunu Azərbaycan maraqlarına zidd addım kimi qiymətləndirirəm. Bunların məqsədi bilmirəm nədir, sadəcə olaraq bəyan edirəm ki, bu, Azərbaycanın dövlət kimi inkişafına mane törədir. Azərbaycan sammitdə iştirak etməlidir və zənnimcə, Azərbaycanın NATO və Avropa ilə münasibətləri çox önəmlidir. Bizim hansısa formada yeni sovet sisteminə qayıtmaq fikrimiz yoxdur. Bu gün Azərbaycan müstəqilliyinin bərpa günüdür və hesab edirəm ki, bu cür münasibət müstəqilliyimizə hörmətsizlikdir".
Qeyd edək ki, Brüssel samitində müzakirə olunan əsas məsələlərdən biri də Azərbaycanın Assosativ üzvlüklə bağlı məsələsidir. Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə məsələni belə şərh edib: "Yaxşı olardı ki, prezidentə bu sahədə ixtisaslaşmış insanlar müraciət etsin. Bu insanların heç biri avrointeqrasiya sahəsində ixtisaslaşmayıb. Mən hesab edirəm ki, Azərbaycanın inkişafı Avrointeqrasiyadan keçir. Azərbaycan uzun illərdi söz verib ki, readmisiya sazişinə qoşulacaq. Böyük ehtimalla Brüsseldə bu müqavilə imzalanmalıdır. Məncə, bu müraciət sadəcə görüntü xarakteri daşıyır. Deyəcəklər "Görün Azərbaycanda buna etiraz edənlər də var". Mən hesab edirəm məsələnin əhəmiyyəti budur".
Qeyd edək ki, müraciətə “1news.az” informasiya agentliyinin baş redaktoru Rəhman Hacıyev, “New Baku Post” qəzetinin redaktoru Tofiq Abbasov, əməkdar incəsənət xadimi Akif Məlikov və müstəqil jurnalist Həmid Həmidov imza atıblar.