
"Ukrayna Gömrük İttifaqı vəsiqələrini imzalamayacaq".
Bunu Qaynar.info-ya politoloq Vəfa Quluzadə son zamanlar Ukraynada baş verən proseslərə münasibət bildirərkən deyib.
V. Quluzadən bildirib ki, Ukraynadakı son proseslər bu ölkənin Avropaya doğru getdiyini göstərir: "Son proseslərə uyğun deyə bilərəm ki, Ukraynada vəziyyət Avropaya doğru getməkdədir. Hətta Şərqi Ukraynadan Viktor Yanukoviçə dəstək verənlər belə avropameyilli olduqlarını bildirirlər. Onlar deyillər ki, bizim vəziyyətimiz Rusiyaya görə Avropayla pisləşə bilməz. Yəni bütün məsələlər aydındır, Ukrayna Avropaya gedir, Rusiya çalışsa belə bunun qarşısını ala bilməyəcək. Sabah Yanukoviç Moskvaya gedir, amma bu dəfə Gömrük İtiffaqı məsələsini deyil, qazın qiymətləri və başqa iqtisadi məsələləri müzakirə edəcək. Yəni vəziyyət belədir. Üstəlik, Rusiya Ukraynanı, Azərbaycanı, Qazaxıstanı və başqa ölkələri 1991-ci ildə itirib. Artıq Rusiya rəsmiləri başa düşməlidirlər ki, ölkələr öz talelərini özləri həll edə bilirlər".
Onun sözlərinə görə, Rusiya vəziyyətin ciddi olduğunu görüb daim hədə-qorxudan istifadə edir: "Rusiya Sovet imperiyası vaxtında ölkələrə qoşun yeridərək məsələləri bu yolla həll etmək istəyirdi. 1990-cı ildə Azərbaycana ordu yeritməsi buna misaldır. Amma indi vəziyyət dəyişib, artıq bu cür hücumlar iqtisadi yolla əvəzlənib. Rusiya isə nə Avropayla, nə də Amerika ilə iqtisadi sahədə mübarizə apara biləcək gücdə deyil".
Azərbaycanın Gömrük İttifaqına qoşula biləcəyi ehtimalını şərh edən politoloq bildirib ki, bu, mümkün deyil: "Belə bir ehtimal yoxdur. Azərbaycan Gömrük İttifaqına qoşulmayacaq".
Qaynar.info