İdman 13:51 21.02.2024

Qurban Qurbanov ehtiyyatlı danışdı: "Hesab bizi aldatmamalıdır"

"İlk oyunun hesabı bizi aldatmamalıdır".

Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın "Braqa” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis ilk görüşdə səfərdə 4:2 hesablı qələbə qazanmalarına baxmayaraq, ehtiyatı əldən verməyəcəklərini bildirib: "Çox vacib, dəyərli oyundur. Bu matç ətrafında çox danışmaq istəmirəm. Fikrimizi tam rəqibə yönəltmişik. Cavab qarşılaşmasında daha intizamlı oynamalıyıq. İnanıram ki, futbolçularımız soyuqqanlı olacaq və düzgün oynayacaqlar. Matçı yaxşı notda başa vurmaq istəyirik. Şans varsa, bundan istifadə etməyə çalışacağıq".

Baş məşqçi "Braqa"nın böyük klub olduğunu vurğulayıb: "Braqa" böyük klubdur. Azarkeşlərinin qələbə tələb etməsi gözləniləndir. Başqa cür ola bilməz. Çünki onların mərhələ keçmək şansı daha çox idi. "Braqa"nın gücünü bilirik. Onların keyfiyyətinə, bacarığına bələd idik. Qələbə qazanmağımız o demək deyil ki, biz onlardan üstünük. Futbolçulara hələ orada demişdim ki, Bakıdakı qarşılaşmada daha yaxşı oynamalıyıq ki, bu rəqibi üstələyək. "Braqa"nın rəqibə xoş olmayan oyun üslubu, böyük təcrübəsi var. İllərlə bu cür gərgin oyunlar keçiriblər, buna öyrəşiblər".

Qurban Qurbanov bu cür uğurların Azərbaycan futboluna böyük kömək olacağına inanır: "Azərbaycan futbolunda belə durum yaranıb ki, Avropada istənilən uğur bizim üçün vacibdir. Stabil olmaq üçün belə uğurlara ehtiyacımız var. Pley-offda belə qalibiyyətlər futbolçuların, azarkeşlərin inamı üçün önəmlidir. Belə də futbol camiəsi böyüyür, birləşir. Futbol da bunsuz mümkün deyil. Mənim üçün daha vacib olan futbolu bu cür sevmək, inanmaqdır. Bunu ən böyük uğur adlandırmaq olar. Amma belə yanaşsaq, yerimizdə qala bilərik. Hər il bir addım irəli gedəndə həvəsli, inamlı oluruq. Təkcə azarkeşlər yox, dövlət orqanları da bu cür matçlara maraq göstərirlər. Bura həmişə böyük komandaların gəlməsini istəmişəm. Bu, bizə inamı artırar. İlk oyunda qalib gəlsək də, hələ mərhələ keçməmişik. Səfərdə qalib gələrək işimizin öhdəsindən gəlmişik. Ancaq bunu davam etdirmək istəyirik".

Təcrübəli mütəxəssis komandanın ildən-ilə daha yaxşı olmaq üçün çalışdığını sözlərinə əlavə edib: "Daxili çempionatda nə qədər yaxşı performans göstərsək, Avropa arenasında da bir o qədər uğurlu olarıq. Mövsümün əvvəlində "mütləq bu mərhələyə qədər irəliləməliyik" deyə tələb yox idi. Amma bacaracağımıza inam var idi. Mövsümün əvvəlində hədəf qrupa düşmək idi. Bura qədər gəlmişik, deməli, işimiz heç də pis getməyib. Bunu meydanda icra edənlər bacarıblar. Bunda ən çox pay futbolçularındır. Sabah da söz sahibi onlar olacaq. Birlik varsa, nəticəyə mütləq nə vaxtsa təsirini göstərir. İşlər düzgün icra olunsa, gec-tez nəticə olacaq. Düşünürəm ki, futbolçularım bundan da yaxşısını etməyə qadirdirlər".

Qeyd edək ki, fevralın 22-də keçiriləcək "Qarabağ” – "Braqa” oyunu saat 21:45-də başlayacaq.