Qara dənizdə Rumıniya sahillərində Türkiyə bayrağı altında üzən yük gəmisi minaya düşüb.
Bu barədə Qaynarinfo Türkiyənin T24 telekanalına istinadən xəbər
verir.
"Gəmi Rumıniyanın Sulina şəhərinin 11 dəniz mili şimalındakı Sulina kanalı yaxınlığında minaya düşüb", - telekanal Britaniyanın dəniz təhlükəsizliyi şirkəti "Ambrey”ə istinadən xəbər verir.
Şirkət Qrinviç vaxtı ilə saat 21:20-də gəmidə partlayış olduğunu bildirib. Gəmi zərəri qiymətləndirmək üçün qısa müddətə lövbər salıb və Qrinviz vaxtı ilə saat 00:20 radələrində üzməyə davam edib. Ölən və yaralananlar yoxdur.
Reuters-in məlumatına görə, Ukrayna hökumətindəki mənbə gəminin minaya düşdüyünü təsdiqləyib və əlavə edib ki, bu, "ehtimal ki, İkinci Dünya Müharibəsindən qalma mina və ya orada keçən ildən qalmış fuqas minasıdır”.
Vəziyyətlə tanış olan "Bosphorus Observer” konsaltinq şirkətinin rəhbəri Yörük İşıq Reuters agentliyinə bildirib ki, türk gəmisi "Kafkametler” zədələnib, onun ballast sisterni cüzi zədə alıb, ekipaj isə sağ-salamatdır.
Qeyd edək ki, dünən Böyük Britaniya kəşfiyyatı Rusiyanın Qara dənizdə mülki gəmilərə hücum etmək üçün dəniz minalarından istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.
Nizami Bağırov