XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Rusiya Afrikadakı 6 əsas aviabazada qüvvələrini sürətlə artırır - ABŞ kəşfiyyatı
Dünya23:59 18.08.2026

Rusiya Afrikadakı 6 əsas aviabazada qüvvələrini sürətlə artırır - ABŞ kəşfiyyatı

Rusiya Liviyada hərbi mövcudluğunu sürətlə genişləndirərək altı əsas aviabazada fəaliyyətini gücləndirir.

Qaynarinfo xəbər verir ki, “Business Insider”in ABŞ Milli Geoməkan-Kəşfiyyat Agentliyinin məlumatlarına istinadən yazdığına görə, bu addımlar Moskvanın Şimali Afrika və Sahel regionunda təsirini genişləndirməyə yönəlmiş daha böyük strategiyanın bir hissəsidir.

Genişlənmə Liviyanın mərkəzi, şərq və cənub hissələrində yerləşən Cufra, Əl-Hadim, Qərdabiyə, Bərak əş-Şati, Maatən əs-Sərrə və Tamanhint aviabazalarını əhatə edir.

Kəşfiyyat məlumatlarında bu obyektlərə MiQ-29 qırıcıları, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemləri daxil olmaqla müasir hərbi texnikanın gətirildiyi qeyd olunur.

Bundan başqa, bazaların modernləşdirilməsi istiqamətində genişmiqyaslı tikinti işləri aparılır. Rusiya qüvvələri uçuş-enmə zolaqlarını, anbarları və təyyarə hangarlarını bərpa edir.

Məsələn, Əl-Hadim aviabazasında son bir ildə üç yeni anqar və ehtimal ki, yaşayış binaları inşa edilib. 2026-cı ildə isə rabitə qülləsi və kazarmaların tikildiyi bildirilir.

Hərbi personalın sayı da artır. Məsələn, Bərak əş-Şati aviabazasındakı Rusiya qüvvələrinin sayı cəmi bir neçə ay ərzində təxminən 300 nəfərdən 450 nəfərə yüksəlib.

Afrika Müdafiə Forumu hesab edir ki, bu imkanlar Rusiyaya Liviyanın strateji mövqeyindən istifadə edərək qitə daxilində silah və hərbi texnikanın daşınmasını asanlaşdırmağa şərait yarada bilər. Məlumata görə, bazalardan biri Rusiyaya “silahları sakit şəkildə Sudan və ya Çad ərazisinə ötürmək” imkanı verir.

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya silahlı qüvvələrinin sıralarına 37 Afrika ölkəsindən azı 2982 nəfər cəlb edib.

Ukraynaya qarşı müharibədə Rusiyanın cəlb etdiyi ən azı 486 Afrika vətəndaşının öldüyü bildirilir. Hazırda Ukrayna əsirliyində 17 Afrika ölkəsindən 35 vətəndaşın olduğu qeyd olunur.

Ən çox hərbi xidmətə cəlb olunan şəxslər Keniya, Misir, Kamerun, Qana, Nigeriya, Uqanda, Əlcəzair və Malidəndir.

Aydın