Xəbər lenti

Rusiya Azərbaycanda etnik savaş hazırlayır? - Politoloq
Siyasət07:44 29.08.2023

Rusiya Azərbaycanda etnik savaş hazırlayır? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Kreml separatizmi dəstəkləməklə Azərbaycana təzyiq mexanizmləri yaratmağa və özünün geosiyasi maraqlarını təmin etməyə çalışır. Amma Rusiya boş yerə güllə atır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Bakının Moskvadakı səfirliyinin Rusiya XİN-nə etiraz notası verməsini şərh edərkən deyib. 
"Rusiya separatizmi dəstəkləyən ölkədir. Moskva bundan istifadə edərək, özünün "arxa bağçası” saydığı postsovet məkanında "parçala və hökm sür” siyasətindən yararlanmağa çalışır. Moskva keçən əsrin 90-cı illərin əvvəllərində mərkəzdən qaçma prosesinin qarşısını almaq üçün separatizm dalğalarına rəvac verib ki, qondarma "talış-muğan muxtar respublikası” da onlardan biri olub. Azərbaycan artıq güclü dövlətdir. Rusiya isə əksinə, zəifləyib. Bu zəif dövründə yenidən separatizmə dəstək olmaqla, Kreml Azərbaycana təzyiq mexanizmləri yaratmaq və özünün geosiyasi maraqlarını təmin etmək istəyir”, deyə Natiq Miri bildirib.
Politoloq hesab edir ki, Moskva qismən Ermənistan-Azərbaycan münaqişəsi prosesindən də uzaqlaşdırılıb. Natiq Miri deyib ki, Rusiyanın belə cəhdlərinin keçərliliyi sıfıra bərabərdir: 
"Yekaterinburq Azərbaycanın bəzi şəhərlərilə qardaşlaşıb. Bu şəhərin rəhbərliyi bunu bilməmiş deyil. Azərbaycanın cənubunda isə belə məsələlər ümumiyyətlə kimsəni maraqlandırmır. Bu qondarma məsələni irəli aparacaq şəxslər də mövcud deyil. Sadəcə olaraq, Azərbaycandan qaçıb Rusiyada bu ölkənin əks-kəşfiyyat idarəsinə xidmət edən bəzi nadürüstləri Moskva zaman-zaman istifadə etmək üçün əlində alət olaraq saxlayır. Amma bu, mənasızdır. Çünki belə bir güc və anlayış yoxdur. Ona görə də Rusiya bu dəfə boş yerə güllə atır”. 
Həmsöhbətimiz, Azərbaycanın Rusiyadakı səfirliyinin bu ölkənin XİN-nə göndərdiyi etiraz notasını gecikmiş hesab edir: 
"Hadisə 20 gün əvvəl baş verib. Ona verilən gec cavab Rusiyadakı Azərbaycan səfirliyinin adekvat və çevik olmadığını ortaya qoyur”. 
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası göndərib. Nota cari ilin 7 avqust tarixində  Yekaterinburq şəhərində qondarma "talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbirlə bağlıdır. Etiraz notasında  Rusiya tərəfinə bu kimi təxribat xarakterli tədbirin təşkilinin və burada Yekaterinburq şəhər dumasının sədri İqor Volodinin qonaq qismində iştirakının qəbuledilməz olduğu, bu addımın separatçılığı təşviq etdiyi, Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik əlaqələrinin mahiyyətinə kökündən cavab vermədiyi, habelə ikitərəfli əməkdaşlığa zərbə vurduğu diqqətə çatdırılıb. 
Rüfət Sultan