Xəbər lenti

Sabiq müdafiəçi: “Qarabağ” üçün
İdman 15:57 06.10.2023

Sabiq müdafiəçi: “Qarabağ” üçün "Bayer"lə çətin olacaq”

"Qarabağ” Avropa Liqasında keçirdiyi növbəti matçında da gözləntiləri doğrultdu. H qrupunda yer alan təmsilçimiz "Hekken”lə görüşdə minimal hesablı qələbə qazanmaqla xallarının sayını altıya çatdırdı. Bununla Ağdam klubu qrup mərhələsindən çıxmaq şanslarını bir qədər də artırmağa nail oldu. 

Millimizin sabiq üzvü Aslan Kərimov Qaynarinfo-ya açıqlamasında "Qarabağ”ın son matçı haqda fikirlərini bildirib:

"Düşünürdüm ki, "Qarabağ” daha asan qələbə qazanacaq. Rəqibin 4-5-1 taktikasına üstünlük verməsi, "Qarabağ”ın arxadan oyun qurmasına mane oldular. Özləri isə pressinqdən zaman-zaman çıxmağı bacarırdılar. "Qarabağ” bu matçda pressinq edərkən o qədər də yaxşı görünmürdü. Düzdür, mərkəzdə tez-tez rəqibin səhvindən istifadə edib, təhlükəli qol imkanları yarada bildilər. Öndə olan oyunçular, istər Zubir, Juniniyo, istərsə də Leandro Andrade olsun, bu oyunçuları keçə bilirdilər. Rəqibin hücum xəttində olan oyunçusu o qədər də keyfiyyətli görünmürdü. Amma təkcə hücumçunu kənara qoysaq, yarımmüdafiə və müdafiə xətti yaxşı təsir bağışladı. Bunun sayəsində oynasalar da, "Hekken”in qol imkanları o qədər də çox olmadı. Bir şeyi də qeyd etmək istəyirəm ki, qapıçı mövqeyinin "Qarabağ” üçün belə, açıq-aşkar, çox vacib olması ortaya çıxdı. Bəlkə də azarkeşlər üçün görünməyə bilərdi, çünki Lunyov "doqquzluq”dan top çıxarmadı. Amma iki-üç qol imkanı var idi ki, qapıçı soyuqqanlığı sayəsində doğru mövqeyi seçib təhlükəni dəf etdi. Bütün bunları ümumilikdə cəmləşdirsək, yaratdığımız qol imkanlarından birindən yararlanmalı idik. 1:0-lıq qələbə oldu. Üç xalı qazanmaq önəmli idi ki, qrup mərhələsindən çıxmağa yaxınlaşaq”.

Kərimov "Hekken”lə "Molde”ni də müqayisə etdi:

"Molde” "Hekken”dən daha güclüdür. Bəlkə evdə oynamaları, "Qarabağ”ın uzun yol qət etməsi onları daha yaxşı göstərə bilər. Üstəlik, "Molde”ni Bakıda güclü rəqib kimi görə bilmədik. "Qalatasaray”la oyunda gördüyümüz "Molde” deyildi. Düzdür, həmin oyundan sonra bir neçə əsas futbolçularını satdılar. Hər halda yolçluq oyunçulara təsir edir. Daxili çempionatda da futbolçuları qarışıq şəkildə bir-biri ilə əvəz edir. Ardıcıl oyunlardan sonra yorğunluq hiss olunurdu, aqressivlik də bir balaca aşağı səviyyədə idi. Bunlar da anlaşılandı”.

Keçmiş müdafiəçi "Qarabağ”ın qarşılaşacağı növbəti rəqib "Bayer”i də analiz etdi:

"Xabi Alonsonun, "Bayer”in oyununu artıq əzbərdən tanıyıram. Alonso alman strukturuna ispan yaradıcılığını gətirib. Yaxşı "mix” əmələ gəlib. Büdcələri də kifayət qədər yaxşı oyunçular əldə etməyə imkan verir. Öndə yüksək dərəcədə pressinq edirlər, vurulan qollardan da gördünüz. Ötən il "Qarabağ”la eyni qrupda olan "Frayburq”un demək olar, oyununu təkrarladılar. Hansı ki, başlayanda iki dəfə yüksək pressinq sayəsində topu ələ keçirib qol vurdular. 2:0-dan sonra isə geri çəkildilər və "Qarabağ” bir qədər "açıldı”. Sözsüz, nəinki "Bayer”ə, Almaniyanın hətta ən aşağı pillədə gedən komandasına qarşı oynasa belə, "Qarabağ” üçün çətin olacaq. "Molde” və "Hekken” Avroliqada "Qarabağ” üçün ən münasib klublardır. Hər halda "Bayer" Almaniya Bundesliqasında ilk yerlərdədir və bunu əldən vermək istəməz. Bilmirəm, Qurban Qurbanov ölkə çempionatında növbəti turda "Neftçi” ilə oyunda əsas heyəti meydana buraxacaq ya yox. Qısa vaxt qalıb, futbolçulara istirahət verməlidir. Ola bilər, "Neftçi" ilə matçda əsas futbolçuların bir hissəsini birinci, digər hissəsini ikinci yarıda meydana buraxsın. Sözsüz, Almaniya çempionatı ilə Azərbaycan Premyer Liqası müqayisəyə gəlməz. "Bavariya”dan öndə olmaq qəhrəmana çevrilmək deməkdir. Bu baxımdan "Bayer” iki cəbhədə oynayacaq. Altı xalları olduğu üçün noyabrda Bakıya qarışıq heyətlə gələ bilərlər. Belədə "Qarabağ”ın yaxşı nəticə əldə etmək şansı olacaq”.

Maraqlıdır, Juniniyonun timsalında "Qarabağ”ın hücumçu problemini həll etdiyini düşünmək olarmı?

"Bu, qarşıya qoyulan məqsədlərdən asılıdır. Yəni buna uyğun gəlir, ya yox? Daxili çempionatımız üçün ideal hücumçudur. Bəs Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün yetərlidirmi? Məsələn, Dino Ndlovudan daha güclüdürmü? Hansı özəllikləri var? Mənə görə, "Qarabağ”ın bugünkü heyəti Avropa Liqasının qrupundan çıxmaq üçün kifayətdir. Ancaq böyük məsələləri həll etməsi baxımından hələ ki nəsə demək tezdir. Bəlkə də uyğunlaşma məsələsidir. Göstərdiyi performansa, zaman-zaman etdiyi hərəkətlərə, vurduğu qola baxanda oyunçunun yüksək səviyyədə olması görünür. Daxili çempionatda da hava hakimiyyəti ilə özünü sübut etdi. Texnikasının yaxşı olması? Baxır hansı müdafiəçilərə qarşı oynayır. "Molde” ilə "Hekken” əslində bizim üçün bir göstərici olmalı deyil. Baxmayaraq ki, Avropa Liqasıdır. Məncə, "Qarabağ”ın hədəfi ÇL-in qrupundan çıxmaqdır. Ya da ən azı qrupa düşüb, yaxşı oyun göstərməkdir. Bu, bir qədər məndə suallar doğurur. Bəlkə zaman lazımdır, görək həqiqətən bu oyunçu nəyə qadirdir”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->