"Bir neçə il avrokuboka getməmək bu klubda alınmayacaq”.
Teleqraf-ın məlumatına görə, bunu "Neftçi" komandasının baş məşqçisi Samir Abasov səfərdə "Sabah"a 0:1 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXXVI tur matçından sonra mətbuat konfransında deyib
47 yaşlı mütəxəssis yayda çətin işinin seleksiya olacağını bildirib: "Seleksiya işi çətindir. Bu işlərə çoxdan start vermişik. Bu yolda da komanda, baş məşqçi, bu işdə çalışanlar olaraq, bu, nə qədər açıqlanmasa da, yaxşı yol seçmişik, yaxşı iş görmüşük. Seçimlərdə çalışırıq ki, diqqətli olaq. Buna çox güc sərf edirik. Baxdığımız, danışdığımız oyunçular var. O işə daha çox köklənmişəm. Son illərdə seleksiya ilə bağlı problemlər yaşamışıq, bunu aradan qaldırmağa çalışacağıq. Bizi çox çətin dövr gözləyir. Təki nəticəsi olsun”.
Abasov gücləndirmək istədiyi mövqeləri açıqlamayıb: "Transferlər olanda görəcəksiniz. Bu oyunçuları klub da açıqlaya bilər. Transferləri 1-2 aydan sonra da gətirə bilərik. Bir neçə mövqeyimiz var”.
Baş məşqçi hakimliklə bağlı da danışıb: "Hansısa referinin, referilərin bizə qarşı, hansısa komandaya qarşı qərəzli iş gördüyünü ağlımızdan keçirmirik. Səhvlər var, nəticələrə də təsir edir. Siz deyən epizodu görməmişəm. Biz o qədər nəticələrə köklənmişdik ki, siz deyən məsələni prioritet tutmadıq. Amma bu da bizim üçün önəmli olacaq. Azarkeşin qarşısında rahat danışmaq üçün nəticəni, oyunumuzu düzəltməliyik ki, sonra ətrafda baş verən proseslərə köklənək. Bizə yaraşmayan mövsüm oldu. Fəlakətə yaxın bir şey oldu. Bunları masaya otuzdurub, danışa bilmərik. Dilimiz qısadır. Qərəzsiz olduğuna əmin olduğumdan, səhvlər aradan qalxacaq”.
"Ağ-qaralar”ın baş məşqçisi iki mövsümdür komandanın avrokuboklara yollana bilməməsinə belə münasibət bildirib: "Futbol baxımından istədiyimiz alınmır. İşlədiyimiz klub bizim istəklərimizi üstələyir. Azarkeşin istədiyi şeylər var. Biz avrokuboklarda oynamalıyıq. Həmçinin, avrokuboklarda oynaya-oynaya işimizi düzgün görməliyik”.
Qeyd edək ki, "Neftçi” mövsümü 43 xalla 6-cı pillədə başa vurur.
Şərhlər